ELM VƏ TƏHSİL
“75 məktəb” layihəsi çərçivəsində seminarlara başlanılıb
Bakı, 19 dekabr, AZƏRTAC
Dekabrın 19-dan “75 məktəb” layihəsi çərçivəsində IX sinif şagirdləri üçün seminarlara başlanılıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, ilk seminar Səbail rayonundakı 163 nömrəli tam orta məktəbdə keçirilib.
Vaxtın idarə olunması, peşə seçimi, imtahana səmərəli hazırlaşmaq kimi mövzuları əhatə edən “Müvəffəq məktəbli” mövzusunda seminarların keçirilməsinin məqsədi IX sinif şagirdlərinin imtahana hazırlıq prosesinə və düzgün peşə seçiminə dəstək olmaqdır.
Seminarlar “Dərs Evi” Tədris Mərkəzinin Məktəb Proqramı üzrə əlaqələndiricisi və fənn müəllimləri tərəfindən aparılır.
“Müvəffəq məktəbli” seminarlarının “75 məktəb” layihəsinə cəlb edilən məktəblərin hər birində keçirilməsi nəzərdə tutulub.
“Təhsili dəyərə çevirək” devizi altında reallaşdırılan “75 məktəb” layihəsinin məqsədi keyfiyyətli tədris, birgə rəhbərlik, məktəblərin təşkilati mədəniyyətinin inkişafı və təhsil sahəsindəki yeniliklərin uğurla icra olunması kimi dəyərlərin təbliğidir.