ELM VƏ TƏHSİL
İnnovativ Biznes-İnkubator tələbə sahibkarlığını inkişaf etdirəcəkVİDEO
Xəbər verildiyi kimi, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində ölkədə ilk dəfə İnnovativ Biznes-İnkubator (İBİ) Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində yaradılıb.
Oktyabrın 27-də Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) İnnovativ Biznes-İnkubatorun təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində ADİU-nun rektoru, professor Ədalət Muradov rəhbərlik etdiyi ali məktəbdə təhsilin inkişafı üçün reallaşdırılan tədbirlərdən danışıb.
Bildirilib ki, İnnovativ Biznes-İnkubatorun əsas məqsədi tələbə və gəncləri biznesə cəlb etmək, tələbə sahibkarlığını inkişaf etdirməkdən ibarətdir. Həmçinin, İBİ çərçivəsində ADİU-nun professor-müəllim heyətinin sosial təminatının yaxşılaşdırılması da nəzərdə tutulub. Onlar innovativ biznes yönümlü metodiki vəsaitlərin yazılması, təlim və master klasların keçirilməsi, mentorluq, biznes planların hazırlanması və bu kimi digər məsələlərə cəlb ediləcəklər. İnkubatorun əsas funksiyaları startap layihələrlə müraciət edənlərə öz bizneslərini qurmaqda tədris-metodiki, maddi-texniki, psixoloji və maliyyə dəstəyi çərçivəsində kömək etməkdir.
Təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Dövlət İqtisad Universitetində İnnovativ Biznes-İnkubatorunun yaradılmasının digər müvafiq layihələrin həyata keçirilməsinə yaxşı bir örnək olacağını qeyd edib.
Qeyd olunub ki, tələbələr asudə vaxtlarından qazanc əldə etmək məqsədilə daha səmərəli istifadə edə biləcəklər. Tələbələrin işəgötürənlərlə əlaqələrinin əsası qoyulacaq və onlar birgə əməkdaşlıq təcrübəsi qazanacaqlar. Eyni zamanda, tələbələr gələcəyin sahibkarı kimi formalaşacaqlar.
Ali məktəblərdə tətbiq olunan tədris proqramları və “SABAH” qrupları haqqında fikirlərini söyləyən nazir yaxın perspektivdə universitetlərin texnoparklarının yaradılmasının zəruriliyi məsələsinə də toxunub.
Gənclər və idman naziri Azad Rəhimov İnnovativ Biznes-İnkubatorunu həm gənclərin məşğulluğunun təmin olunması, həm də onların ilkin sahibkarlıq fəaliyyətinə başlaması üçün əhəmiyyətli olduğunu diqqətə çatdırıb.
İnnovativ Biznes-İnkubatorunun direktoru Mircavid Həsənov İBİ-nin fəaliyyət istiqamətləri haqqında məlumat verib.
Sonra ADİU-nun tələbələri İBİ çərçivəsində hazırlanmış startap layihələrini təqdim ediblər.