Sabunçu məktəbliləri ekskursiyadan xoş təəssüratlarla qayıdıblar

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın birinci mərhələsi Sabunçu məktəbliləri üçün uğurla başa çatıb. Şagirdlərimiz Şəki-Qax-Zaqatala bölgəsində tarixi abidələrə, mədəniyyət ocaqlarına baş çəkib, rayonlardakı inkişaf prosesləri ilə yaxından tanış olublar. Bu tur yeniyetmələrin doğma Vətənimizin hər qarışına dərindən bələd olmaları üçün geniş imkan yaradır.
AZƏRTAC xəbər verir ki, bu sözləri tur-aksiyanın birinci mərhələsinin iştirakçılarının qarşılanma mərasimində Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədova deyib.
Maştağa qəsəbəsindəki Heydər Əliyev adına mədəniyyət və istirahət parkına toplaşan rayon rəhbərliyinin əməkdaşları, müəllimlər və valideynlər Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə çıxış edən A.Məmmədova tur-aksiyanın yüksək səviyyədə keçirilməsini təmin etmək üçün icra hakimiyyətində xüsusi qərargahın yaradıldığını, bu qərargahın işinə təhsil, mədəniyyət sahələri üzrə təcrübəli mütəxəssislərin cəlb edildiyini söyləyib. Bildirib ki, bu layihənin uğurla həyata keçirilməsi üçün çox gözəl şərait yaradılıb. Məktəblilər hər cür rahatlığı olan xüsusi avtobuslarla rayonlara gedir, ən yüksək standartlara uyğun otellərdə qalırlar. Ekskursiya günlərində məktəblilərin asudə vaxtlarının mənalı və səmərəli keçməsi də diqqət mərkəzində saxlanılır, onlar üçün əyləncəli proqramlar, intellektual oyunlar, müsabiqələr, idman yarışları təşkil olunur.
Tur-aksiyanın iştirakçıları ilə birlikdə olan rayon icra hakimiyyətinin məsul əməkdaşı Məhəmməd Əsədov qeyd edib ki, şagirdlər tarixi abidələrdə, turizm obyektlərində oldular, mənzərəli guşələri seyr etdilər, bölgədə yaşayanların adət-ənənələri ilə tanış oldular, eləcə də son illər inşa edilən sosial obyektlərə baxdılar. Şəkidə aksiya iştirakçılarına məlumat verildi ki, rayonun çox zəngin tarixi var. Bu rayondakı ölkə əhəmiyyətli qədim memarlıq abidələri mədəni irsimizin nadir inciləri hesab olunur. Şagirdlərə sürətlə inkişaf edərək Azərbaycanın gözəl şəhərlərindən birinə çevrilən qədim Şəkinin sosial-iqtisadi və mədəni həyatında əldə edilən uğurlar, rayonun etnoqrafiyası, əhalisinin məşğuliyyəti haqqında ətraflı məlumat verildi.
Məktəblilər bu ekskursiyanın onlarda xoş təəssüratlar yaratdığını bildiriblər, valideynlər isə turun təşkilatçılarına minnətdarlıq ediblər.