MƏDƏNİYYƏT
Azərbaycanın turizm potensialına dair reklam çarxlarını və verilişləri MDB və Baltikyanı dövlətlərdən 50 milyonadək tamaşaçı izləyib VİDEO
Bakı, 25 dekabr, AZƏRTAC
Azərbaycanın turizm potensialının Rusiyanın turizm bazarında təbliği istiqamətində Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında müxtəlif reklam çarxları və verilişlər hazırlanaraq “Rossiya-1”, “Rossiya-2”, “Moya planeta”, “STS” və digər telekanallarda nümayiş olunub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, belə verilişlərdən biri ayrılıqda 26 dəqiqə olmaqla 2 hissədən ibarət “Nespokoynoy noçi” verilişinin Bakı şəhərinin gecə həyatını əks etdirən buraxılışlarıdır. Həmin buraxılışlar efirə getdiyi gündən etibarən verilişə qısa zaman ərzində “youtube” portalında 300 minədək baxış olub.
Ölkəmizdə təntənəli qeyd olunan Novruz bayramı haqqında hazırlanmış ümumilikdə 78 dəqiqədən ibarət 3 film “Planeta vkusov” layihəsində nümayiş olunub. Filmin hazırlanmasında əsas məqsəd Novruz bayramını Rusiya və MDB-də daha da tanıtmaq və bu bayram ərəfəsində Azərbaycana daha çox turist axınını təmin etməkdir.
Bundan əlavə, Mədəniyyət və Turizm Nazirliyinin dəvəti əsasında “Za kadrom” televiziya layihəsinin geniş tərkibdə çəkiliş qrupunun Azərbaycana aid buraxılışları “Rossiya-1”, “Rossiya-2”-də yayımlanıb. Çəkilişləri Bakı şəhərində, Quba və Xızı rayonlarında aparılan veriliş 26 dəqiqədən ibarətdir.
Göyçay rayonunda nar bayramı zamanı Rusiyadan dəvət olunmuş çəkiliş heyətinin hazırladığı verilişin 2015-ci ilin mart ayından etibarən “Ne jizn, a prazdnik: prazdnik qranata” layihəsində nümayişi nəzərdə tutulub. Həmin layihə 44 dəqiqədən ibarət olacaq. Çəkilişlər zamanı milli dəyərlərimizdən olan lavaşın hazırlanması və digər incəlikləri də öz əksini tapıb.
Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə 2014-cü ildə Rusiya telekanallarında nümayiş olunan reklam çarxlarını və verilişləri MDB ölkələrindən və Baltikyanı dövlətlərdən 50 milyonadək tamaşaçı izləyib.
Azərbaycanın turizm və mədəniyyət potensialının Rusiyada təbliğatının vacibliyini nəzərə alaraq, müvafiq istiqamətdə işlər 2015-ci ildə də bu ölkənin televiziya kanalları və sosial şəbəkələrində davam etdiriləcək.