REGİONLAR
Bayram günlərində Şahdağ Qış-Yay Turizm Kompleksini 12 mindən çox turist ziyarət edib VİDEO
Qusar, 5 yanvar, Elxan Yusifli, AZƏRTAC
Qusar rayonunun ərazisində yerləşən Şahdağ Qış-Yay Turizm Kompleksini bayram günlərində 12 mindən çox turist ziyarət edib.
AZƏRTAC xəbər verir ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibətilə elan olunan qeyri-iş günlərində istirahət kompleksində dincələnlər arasında xeyli əcnəbi turistlər yer alsa da, qonaqların əksəriyyəti yerli turistlər olub.
Şahdağ Qış-Yay Turizm Kompleksini ziyarət edən turistlərin 3 min 465 nəfəri xizək yollarından, 9 mindən çoxu isə kanatlardan istifadə edib.
Şahdağ Qış-Yay Turizm Kompleksində bu qış mövsümdən etibarən yeni qondola qaldırıcısı işə salınıb. Bununla da xizəkçilər 6 yeni xizək enişindən istifadə etmək imkanı qazanıblar. Ötən mövsümdə sürüşmə zolaqlarının ən yüksək nöqtəsi 1435 metr idi. Hazırda isə bu göstərici 2100 metrə çatır. Genişləndirilmiş 16,8 kilometrlik xizəksürmə ərazisi burada saatda 11 min nəfərin xizək sürməsinə imkan yaradır. Ərazini daim qarla təmin etmək üçün 160 ədəd süni qar generatorları quraşdırılıb.
Yeni mövsümdə kompleksin ərazisində 5 ədəd müxtəlif kafe və restoran istifadəyə verilib. Bununla yanaşı, turizm kompleksində beşulduzlu “Park Chalet” oteli və “Qaya Residences” fəaliyyətə başlayıb. “Park Chalet” oteli 164 yataq otağı, barlar, restoranlar, fitnes və spa mərkəzi ilə turistlərin istifadəsinə verilib. “Qaya Residences” otelində isə ailələr rahat ev şəraitindən yararlana bilərlər.
Şahdağ Qış-Yay Turizm Kompleksi ötən ilki (2013-2014) qış mövsümündə 85 minə yaxın turist qəbul edib. Bu qış mövsümündə isə təqribən 100 min turistin gələcəyi proqnozlaşdırılır.