SİYASƏT
82 saylı Ağcabədi seçki dairəsinin bir məntəqəsində səsvermənin nəticələri etibarsız hesab edilib
Bakı, 22 fevral, AZƏRTAC
Mərkəzi Seçki Komissiyasının fevralın 22-də keçirilən iclasında 82 saylı Ağcabədi seçki dairəsindən deputatlığa namizədlər Fərid Məmmədov, Sənan Abdullayev, Cavid Hacıbəyli və Hüseyn Talıbovun müraciətlərinə baxılıb.
AZƏRTAC xəbər verir ki, müraciət barədə MSK üzvü Baxşeyiş Əsgərov məlumat verib.
O bildirib ki, şikayətçilər 46 seçki məntəqəsində müşahidənin aparılmasına normal şərait yaradılmaması, seçici siyahılarında olmayan şəxslərin səsvermədə iştirak etdiyini əsas gətirərək həmin dairənin nəticələrinin ləğv edilməsini xahiş ediblər. MSK üzvü deyib: “Araşdırma zamanı müəyyən olunub ki, 3 saylı məntəqədən başqa digər məntəqələrdə pozuntular müəyyən olunmayıb. Hesab edirik ki, həmin məntəqədə seçicilərin iradəsini əks etdirməyən hal müəyyən olunub. Ona görə 3 saylı məntəqədə səsvermənin nəticələri etibarsız sayılmalıdır”.
Təklif səsverməyə çıxarılaraq qəbul edilib.