REGİONLAR
Cəlilabadda torpaq sürüşməsi avtomobil yolunun çökməsinə səbəb olub VİDEO
Cəlilabad, 1 aprel, Bağır Əliyev, AZƏRTAC
Cəlilabadda torpaq sürüşməsi avtomobil yolunun çökməsinə səbəb olub.
AZƏRTAC xəbər verir ki, son günlər cənub bölgəsinə düşən güclü yağışlar Cəlilabad rayonunda Cəlilabad-Sadatlı avtomobil yolunda torpaq sürüşməsinə səbəb olub. Nəticədə yolda dərinliyi yarım metrə qədər olan çatlar yaranıb. Ən təhlükəli vəziyyət yolun Qamışlıgöl və Sadatlı kəndlərini birləşdirən hissəsindədir. 10 yaxın kəndin mütəmadi istifadə etdiyi avtomobil yolunun müxtəlif hissəsində baş verən sürüşmə asfalt qatının aralanmasına səbəb olub.
Yerli sakinlərin sözlərinə görə, bir neçə gün öncə yağan yağışdan sonra burada sürüşmə daha da sürətlənib. Sürüşmə zonasında olan bəzi evlərin və yardımçı tiklilərin divarlarında iri çatlar yaranıb. Sürüşmənin belə sürətlə davam etməsi tədricən ətraf təpələrdə iri torpaq qatının uçmasına da gətirib çıxara bilər.
Cəlilabad Fövqəladə Hallar Komissiyasının sədri Asif Əzizov bildirib ki, əraziyə baxış keçirilməsi üçün mütəxəssislər dəvət olunub. Sürüşmə zonasındakı aktivlik yoxlandıqdan sonra yolun çökmüş hissəsində bərpa işləri aparılacaq.