REGİONLAR
Sumqayıtda “Ümumrespublika yaşıllaşdırma” marafonunun ikinci mərhələsində 50 min ağacın əkilməsi nəzərdə tutulub
Sumqayıt, 4 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsiscisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə reallaşan “Ümumrespublika yaşıllaşdırma” marafonunun ikinci mərhələsi çərçivəsində Sumqayıtda yazın gəlişi ilə bağlı növbəti ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, idarə, müəssisə, təşkilat və sənaye müəssisələri kollektivlərinin qatıldığı aksiya Bakı-Quba avtomagistralının Sumqayıt ərazisindən keçən 26-cı kilometrliyindən başlayıb. Aksiyada Zülfü Hacıyev və Sülh küçələrində, şəhərin mədəniyyət və istirahət parklarında, digər ərazilərdə sərv, şam, kedr, lyandra, alyandra, kipariz tingləri və dekorativ bəzək kolları əkilib. Aksiya zamanı əkilən ağaclar suvarılıb, mövcud ağacların dibi yumşaldılıb.
Gün ərzində şəhərin əksər küçələrində təmizlik işləri də aparılıb. “Ümumrespublika yaşıllaşdırma” marafonunun birinci mərhələsində şəhərdə 120 hektar ərazidə qazon salınıb, Bakı-Quba avtomagistral yolunun Sumqayıt ərazisindən keçən hissəsində 40 min nar tingi əkilib.
“Ümumrespublika yaşıllaşdırma” marafonunun ikinci mərhələsində 50 min ağacın əkilməsi nəzərdə tutulub. Artıq bu günə kimi bunun 25 mindən çoxu əkilib.