REGİONLAR
85 yaşlı arıçı Yaqub Mehdiyev: Arını qışdan çıxarmaq üçün pətəkdə ən azı 7 kiloqram bal saxlamaq lazımdır
Kənd Təsərrüfatı Nazirliyi ilə AZƏRTAC-ın birgə layihəsi: “Fermerlərə tövsiyə”
Bakı, 3 dekabr, AZƏRTAC
Düz 58 ildir ki, arıçılıq təsərrüfatı ilə məşğulam. Arıçılıqla məşğul olmağa doğulduğum torpaqlarda, Ermənistanın Basarkeçər rayonunun Babacan kəndində başlamışam. 1988-ci ildə Daşkəsənə köçdük. Burada 10 arı yeşiyi aldım, qulluq etdim. İndi təsərrüfatımda 84 arı ailəsi var.
AZƏRTAC xəbər verir ki, bu sözləri Şəmkir rayonunun Qaracəmilli kəndində yaşayan 85 yaşlı arıçı Yaqub Mehdiyev deyib. O, həm də subsidiya almaq üçün Kənd Təsərrüfatı Nazirliyinə sənədlərini təqdim etmiş ən yaşlı arıçıdır.
Yaqub Mehdiyev arıların qış fəslinə hazırlanması ilə bağlı fikirlərini bölüşüb: “Arıları ayda iki dəfə yoxlayıram. Hansında ana arı yoxdursa, başqa pətəkdən toxum götürüb o yeşiyə qoyuram. May ayında bütün günü arı yeşiklərinin yanında oluram. Çünki həmin vaxt arı beçə verir. Zəif toxumları dəyişirəm, yerinə boş çərçivə qoyuram. Arını qışdan çıxarmaq çox çətindir. Gərək qış ərəfəsində hər yeşikdə ən azı 7 kiloqram bal saxlayasan. Sonra arıların hamısını ana arının yanına yığmaq lazımdır. İşçi arı 45 gün yaşayır, ona görə də elə arılar olur ki, ömrünü yeşikdə başa vurur. Fevralın 20-dən sonra bütün yeşikləri açır, pətəklərə eşşəkarısına qarşı dərman qoyuram”.
Arıçı deyir ki, gərək pətəyə haram əl dəyməsin: “Arı haramı sevmir. Haram əl dəyəndən sonra arı özünə gələ bilmir. İşləmir, məhsul vermir, məhv olur. Təmiz balın içərisində nəmlik olmamalıdır. Təmiz balı suya qatanda su bulanır. Əsl balın qaymağı da qalın olur, rəngi isə maviyə çalır”.