ELM VƏ TƏHSİL
Azərbaycan alimləri Moskvada coğrafiyaçı alimlərin konfransında məruzə ilə çıxış ediblər
Bakı, 20 avqust, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik H.Əliyev adına Coğrafıya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov və direktorun elmi işlər üzrə müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə Moskva Dövlət Universitetində (MDU) keçirilən “Coğrafiya, mədəniyyət və cəmiyyət dünyanın gələcəyi üçün” mövzusunda regional konfransın işində iştirak etmək üçün Moskva şəhərinə ezam olunublar.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, avqustda 170 illiyini qeyd edən Rusiya Coğrafiya Cəmiyyəti, Beynəlxalq Coğrafiya İttifaqı, Moskva Dövlət Universiteti (MDU) və Rusiya Elmlər Akademiyası tərəfindən təşkil olunmuş konfransa dünyanın 60 ölkəsindən 1500-dən artıq alim və mütəxəssis qatılıb.
Tədbirin açılışında Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin salamı konfrans iştirakçılarına çatdırılıb.
Avqustun 21-dək davam edəcək konfransda mühüm problemlər müzakirə olunur, bütün dünyada coğrafiya sahəsində aparılan tədqiqatların nəticələri araşdırılır.
Akademik R.Məmmədov E.Əlizadə ilə birgə hazırladığı “Xəzər dənizi sahilləri landşaftlarının transformasiyası və onların landşaft planlaşdırılması təcrübəsi”, E.Əlizadə isə İ.Kuçinskaya və S.Quliyeva ilə birgə işlədikləri “Azərbaycanın arid landşaftlarının antropogen təsirlər altında deqradasiyası” mövzularında poster-məruzələrlə çıxış ediblər.
İGU - Beynəlxalq Coğrafiya İttifaqının Ali Şurası akademik Ramiz Məmmədovun təqdimatından sonra 2017-ci ildə Bakıda 300-dən artıq xarici mütəxəssisin iştirakı ilə “Enerji coğrafiyası və tarazlı inkişaf” mövzusunda tematik beynəlxalq konfransın keçirilməsi qərarına gəlib.
Konfrans səmərəli müzakirələr, poster sessiyaları, plenar və tematik mühazirələr, elmi ekskursiyalar və digər maraqlı tədbirlərlə davam edir.