REGİONLAR
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Xızıda vətəndaş qəbulu keçirib VİDEO
Bakı, 23 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov oktyabrın 23-də Xızıda vətəndaş qəbulu keçirib.
Komitədən AZƏRTAC-a bildirilib ki, Heydər Əliyev Mərkəzində təşkil edilən qəbulda Xızı, Siyəzən rayonları və Sumqayıt şəhərindən olan vətəndaşların müraciətlərinə baxılıb.
Vətəndaşların müraciətləri əsasən daşınmaz əmlak və torpaq sahələrinin dövlət qeydiyyatı ilə bağlı olub. Bir çox vətəndaş onlara ayrılmış torpaq sahələri, fərdi həyət evləri və mənzillər, kommersiya məqsədilə istifadə etdikləri qeyri-yaşayış sahələrinə dövlət qeydiyyatı sənədlərinin alınması ilə bağlı müraciət edib.
Eyni zamanda, pay torpaqlarının, kənd təsərrüfatı təyinatlı torpaqların dövlət reyestrində qeydiyyatı ilə bağlı müraciətlər də səsləndirilib.
Qəbulda bir neçə vətəndaş dövlət əmlakının özəlləşdirilməsi və icarəsi ilə bağlı müraciət edib. Həmçinin vətəndaşlar işlə təmin olunma və komitənin səlahiyyətinə aid olmayan məsələlərlə bağlı kömək göstərilməsi barədə xahişlərini bildiriblər.
Komitə sədri bir sıra müraciətlərin tez bir zamanda həlli üçün göstərişlərini verib. Vətəndaşlara onların müraciətləri ilə bağlı hüquqi tələblər izah olunub. Araşdırılması zəruri olan müraciətlər isə qeydiyyata alınıb və nəticəsi barədə məlumat veriləcəyi bildirilib.
Komitə sədri qeyd edib ki, artıq daşınmaz əmlakın qeydiyyatı və torpaq idarəçiliyində “bir pəncərə” prinsipi tətbiq edilir. Bələdiyyələr, vətəndaşlar, fiziki və hüquqi şəxslər onlara məxsus daşınmaz əmlakı və torpaq sahələrini yalnız bir ünvanda - komitənin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrində qeydiyyata aldıra bilirlər. “Bir pəncərə” prinsipi nəinki daşınmaz əmlak və torpaqların qeydiyyatında, eyni zamanda, torpaq idarəçiliyi ilə bağlı məsələlərin həllində də uğurla tətbiq edilir. Torpaqların istifadəsi, icarəsi, mülkiyyətə verilməsi, koordinatların uyğunluğu kimi torpaq məsələlərində rəylərin alınması “bir pəncərə” vasitəsilə həll olunur. Eyni zamanda, torpaqların kateqoriyaya aid edilməsi, bir kateqoriyadan digərinə keçirilməsi və digər torpaq məsələləri ilə bağlı müvafiq rəylərin verilməsi, sənədlərin alınması da bu prinsip əsasında həyata keçirilir.
Həmin gün birbaşa müraciət edən vətəndaşlar da komitə sədri tərəfindən qəbul edilib və onların müraciətlərinə baxılıb.