REGİONLAR


9 May – Qələbə Günü Abşeron rayonunda da qeyd edilib

Xırdalan, 9 may, Ətrabə Rzayeva, AZƏRTAC

Abşeronda alman faşizmi üzərində Qələbənin 74-cü ildönümü ilə bağlı keçirilən tədbirlərdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, təhsil və səhiyyə şöbələrinin nümayəndələri, əmək və müharibə veteranları, ictimaiyyətin təmsilçiləri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, ümumrayon tədbiri Novxanı kəndində Sovet İttifaqı Qəhrəmanı, əfsanəvi kəşfiyyatçı Mehdi Hüseynzadənin xatirəsinə ucaldılmış abidənin önünə tər çiçəklər qoyulması ilə başlayıb. Tədbir sonra Xırdalan şəhərində Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə yaradılan abidənin qarşısında davam etdirilib.

Hərbi orkestrin ifa etdiyi vətənpərvərlik ruhunda musiqi sədaları altında keçən tədbirdə bildirilib ki, bəşər tarixinin ən dəhşətli müharibəsində Qələbənin əldə olunmasına Azərbaycan xalqının böyük töhfələri olub. Bu qanlı müharibədə Azərbaycandan 670 mindən çox oğul və qız cəbhəyə yola düşüb, onların təxminən yarısı döyüşlərdə həlak olub.

Qanlı-qadalı döyüşlərdə göstərdikləri igidliyə görə ölkəmizin 130-dan çox vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Bu igidlər arasında adı dillər əzbəri olan abşeronlular Mikayıl Ələkbərov və Mehdi Hüseynzadə də var.

Qeyd edək ki, Abşeron rayonundan 1725 nəfər Böyük Vətən müharibəsində iştirak edib, onlardan yalnız 964 nəfəri geri qayıdıb.

Tədbir Abşeron rayon mədəniyyət işçilərinin hazırladığı ədəbi-bədii kompozisiya ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.