SİYASƏT
AAGT-nin bir qrup üzvü ABŞ Konqresinə Azərbaycan haqqında kitablar hədiyyə etmişlər
Vaşinqton, 8 avqust (AZƏRTAC). Amerikanın Azərbaycanlı Gənclər Təşkilatından (AAGT) AZƏRTAC-a verilən məlumatda bildirilir ki, təşkilatın nümayəndələri Elçin Abdullayev, Rövşən Muradov və Rza Əliyev ABŞ Konqresinin nümayəndələri ilə görüşərək kitabxanaya Azərbaycan haqqında kitablar təqdim etmişlər. Görüşdə kitabxananın Qafqaz Mərkəzinin direktoru Kristofer Mörfi, kolleksiya və xidmətlər direktoru Ceremi Adamson və baş kitabxanaçı Marçun iştirak etmişlər. Kitablar arasında Heydər Əliyev Fondunun, Diasporla İş üzrə Dövlət Komitəsinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nəşrləri də vardır.
Kitablar Azərbaycan mədəni irsi, ölkəmizdə dini və etnik tolerantlıq, neftlə zəngin olan respublikamızın müasir inkişaf səviyyəsindən söhbət açır.
Konqres kitabxanasının nümayəndələri qiymətli nəşrlərə görə Azərbaycan gənclərinə təşəkkür etmiş, onların kitab mübadiləsindəki fəaliyyətini yüksək qiymətləndirmişlər.
Onların sözlərinə görə, Azərbaycan nəşrləri Kitabxananın Qafqaz bölməsini zənginləşdirəcək, Amerikanın Azərbaycanlı Gənclər Təşkilatı isə Konqres Kitabxanası ilə Azərbaycan arasında gələcək əməkdaşlığın körpüsü olacaqdır.
Amerikanın Azərbaycanlı Gənclər Təşkilatı dünyanın iki ən böyük kitabxanası ilə - Konqres və İskəndəriyyə kitabxanaları ilə əməkdaşlıq edir. Həmin kitabxanalarla əməkdaşlığı daha da genişləndirmək üçün iyulun 15-də AAGT nümayəndələri İskəndəriyyə Kitabxanasının direktoru Doktor İsmail Serageldinlə (o həm də Dünya Rəqəmsal Kitabxanasının icraçı direktorudur) görüşmüşlər. Dr. Serageldin Azərbaycan gəncliyinin imkanları haqqında danışmış, həmçinin qeyd etmişdir ki, Azərbaycan əhalisinin yarısı 30-dan aşağı yaşı olan gənclərdir. Azərbaycanda gənclərin təhsilinə qoyulan investisiyanın əhəmiyyətindən danışan Dr. Serageldin demişdir: “Gənclik həmişə yeni kəşflər, yeni imkanlar deməkdir. Belə böyük imkanlarla Azərbaycan gəncləri dünyanı dəyişməyə qadirdir, çünki onların sağlam bədəndə sağlam düşüncəsi vardır. Azərbaycan kimi gənc və sürətlə inkişaf edən bir ölkə üçün gənclər böyük imkanlar deməkdir”.
Görüşdə Dr. Serageldinin Azərbaycana gələcək səfərinin təşkili də müzakirə olunmuşdur. Doktor demişdir ki, o, ümidverici Azərbaycan gəncliyi ilə əməkdaşlıqdan məmnundur.
Şəfəq Akifqızı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
######