ELM VƏ TƏHSİL
AAYDA həftə ərzində görülən işlərlə bağlı məlumat yayıb
Bakı, 5 noyabr, AZƏRTAC
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən respublika ərazisində yol infrastrukturunun bərpası, yenidən qurulması və təmiri sahəsində həftə ərzində (oktyabrın 28-dən noyabrın 5-dək) görülən işlər və sərəncamlar barədə məlumat yayıb.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, sözügedən müddət ərzində Prezident İlham Əliyev Bakı şəhərinin Suraxanı rayonunun Zığ - Hövsan avtomobil yolunun yenidən qurulması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb, Saray-Novxanı yolunda yeni geri dönmə hissə yaradılıb, Xocəsən-Lökbatan avtomobil yolunda yerüstü piyada keçidi tikilir, Əli Əsədov və Samir Nuriyevin başçılığı ilə nümayəndə heyəti Şərqi Zəngəzura səfər edib.
Bundan başqa, “Baksol” yolunun asfaltlanmasına başlanılıb, cari ildə Nəsimi rayonu üzrə 3 kilometr uzunluğunda küçə təmir olunub, Prezident İlham Əliyev Bakı şəhərinin Xəzər rayonu ərazisində avtomobil yollarının yenidən qurulması ilə bağlı bəzi tədbirlər haqqında Sərəncam imzalayıb.
Həmçinin Bakı-Şamaxı-Yevlax avtomobil yolunda daha bir piyada keçidinin tikintisinə başlanılıb, Prezident İlham Əliyev Muğan–Birinci Paşalı–İkinci Paşalı–Şorbaçı–Birinci Udullu–Tağılı–İkinci Udullu–Qubalı avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb və Nərimanov rayonunda Məsud Əlizadə küçəsinin təmiri işləri yekunlaşıb.