İQTİSADİYYAT
ABƏŞ YANVAR-AVQUST AYLARINDA NEFT HASİLATINI 4,9 FAİZ ARTIRMIŞDIR
Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Xəzər şelfindəki “Azəri-Çıraq-Günəşli” müqavilə sahəsində işləyən ABƏŞ 2003-cü ilin yanvar-avqust aylarında 4313,23 min ton neft hasil etmişdir. Ötən ilin müvafiq dövründə bu göstərici 4108 min ton olmuşdur.
Səkkiz ayda “Azəri-Çıraq-Günəşli” sahəsində 662,1 milyon kubmetr təbii qaz çıxarılmışdır. Müqavilənin şərtlərinə görə, burada hasil edilən “mavi yanacaq” bütünlüklə Azərbaycan tərəfinə verilir.
ABƏŞ-in proqnozlarına görə, orta gündəlik hasilat 133 min barrel olmaqla, bu il 6,6 milyon ton neft çıxarılması nəzərdə tutulmuşdur (2002-ci ildə hasilat 6,4 milyon ton idi). Burada qazılmış 18 quyudan 14-ü istismar olunur.
“Azəri-Çıraq-Günəşli” müqavilə sahəsi 1997-ci ilin noyabrından istismar olunur. Burada hələlik yalnız “Çıraq” yatağı istismar edilir. Həmin yataqdan indiyədək 28,797 milyon ton neft çıxarılmışdır.