ELM VƏ TƏHSİL
ABB şirkəti BANM-də Təlim Mərkəzi yaradır
Bakı, 5 iyul, AZƏRTAC
ABB şirkətinin ölkə üzrə direktoru Rüstəm Qasımov Bakı Ali Neft Məktəbində (BANM) bu ali təhsil müəssisəsinin rektoru Elmar Qasımovla görüşüb.
BANM-dan AZƏRTAC-a bildiriblər ki, rektor ABB şirkətinin nümayəndəsinə ali məktəbin yeni kampusunda aparılan tamamlama işləri haqqında məlumat verib. Kampusda yaradılan, ABB şirkətinin avadanlığı və simulyasiya vasitələri ilə tam təchiz olunan Təlim Mərkəzində aparılan tamamlama işlərinin gedişatı müzakirə edilib. Rektor kampusun açılışınadək Təlim Mərkəzinin istifadəyə veriləcəyini diqqətə çatdırıb.
R.Qasımov gələcəkdə BANM-in kampusunda yaradılan Təlim Mərkəzində tələbə və müəllimlər üçün ABB şirkətinin texnologiyalarının tətbiqi əsasında təlimlərin keçirilməsi və tədqiqatların aparılması imkanının olacağını bildirib. O, həmçinin ABB şirkətinin region üzrə mütəxəssislər üçün təşkil etdiyi təlimlərin bu mərkəzdə keçiriləcəyini söyləyib.
Görüşdə əməkdaşlığın digər istiqamətləri və perspektivləri müzakirə olunub.