SİYASƏT
ABŞ AZƏRBAYCANLA HƏRBİ ƏMƏKDAŞLIĞI GENİŞLƏNDİRMƏKDƏ MARAQLIDIR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, qonaqları salamlayan müdafiə naziri qeyd etmişdir ki, Azərbaycanla ABŞ arasında ildən-ilə genişlənən əməkdaşlıq həm ikitərəfli qaydada, həm də “Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində həyata keçirilir.
Sonra general-polkovnik Səfər Əbiyev Cənubi Qafqaz regionunda mövcud hərbi-siyasi vəziyyətə toxunaraq demişdir: “Hərbi potensialı öz havadarları tərəfindən bu gün də artırılan təcavüzkar Ermənistan dövlətinin işğalçılıq siyasəti bölgədə gərginliyin aradan qaldırılmasına və təhlükəsizliyin təminatına imkan vermir. Nə qədər ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməyib, müharibənin yenidən başlanması ehtimalı bir o qədər artır.
Azərbaycan öz müstəqilliyini qorumuşdur və bundan sonra da hər vasitə ilə qoruyacaqdır. Bunun üçün biz ABŞ və NATO ilə əməkdaşlığa, Avropa təhlükəsizlik strukturlarına inteqrasiyaya xüsusi əhəmiyyət veririk.
Bu mənada Xəzərin zəngin enerji ehtiyatlarını Avropaya çıxaracaq Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Ərzurum qaz kəmərləri kimi irimiqyaslı layihələrin həyata keçirilməsi nəinki Azərbaycan Respublikasının müstəqilliyini möhkəmləndirə, eləcə də bütün Cənubi Qafqaz regionunun sabit inkişafına geniş imkanlar aça bilər. Lakin Azərbaycan əraziləri işğal altında qaldıqca və bölgədə jandarm rolunu oynayan Ermənistan silahlandırılmaqda davam etdikcə bu layihələrin təhlükəsizliyindən və regionda sabitlikdən danışmaq yersizdir. Mən əminəm ki, bu böyük layihələrin reallaşmasına və Cənubi Qafqazın Qərbə inteqrasiyasına qarşı çıxacaq istənilən maneəni Azərbaycan öz dostları ilə birlikdə dəf edəcəkdir”.
General Ç.Uold səmimi qəbul üçün təşəkkür edərək qeyd etmişdir: “Biz ABŞ üçün strateji əhəmiyyətə malik ölkələr sırasına daxil olan Azərbaycanla münasibətlərə xüsusi əhəmiyyət veririk və ölkənizlə hərbi əməkdaşlığı genişləndirməkdə maraqlıyıq. Dünyada terrorun və qeyri-ənənəvi hərbi təhlükələrin artdığı bir zamanda dostlarımızın təhlükəsizliyi bizim üçün çox önəmlidir. Bu mənada Azərbaycanın beynəlxalq terrorizmə qarşı mübarizədə, eləcə də Balkanlarda, Əfqanıstanda və İraqda aparılan sülhməramlı əməliyyatlarda fəal iştirakını yüksək qiymətləndiririk”.
Sonda tərəflər Azərbaycan-ABŞ hərbi əməkdaşlığının perspektivləri, regional təhlükəsizlik, kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması, neft-qaz kəmərlərinin təhlükəsizliyinin təmin olunması və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparmışlar.
Görüşdə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Rino Harniş iştirak etmişdir.