İQTİSADİYYAT
ABŞ-AZƏRBAYCAN İQTİSADİ ƏMƏKDAŞLIQ İŞÇİ QRUPUNUN BAKIDA TOPLANTISI KEÇİRİLƏCƏKDİR
Azərbaycan Hökuməti nümayəndə heyətinin tərkibinə Maliyyə, Xarici İşlər, Vergilər, İqtisadi İnkişaf nazirliklərinin, Milli Bankın, Dövlət Gömrük Komitəsinin əməkdaşları daxildirlər. ABŞ nümayəndə heyətinə Avropa və Avrasiya üzrə Yardım Agentliyinin əlaqələndiricisi, səfir Karlos Paskual başçılıq edəcəkdir. Birləşmiş Ştatların nümayəndə heyətinin tərkibinə səfir Rino Harniş, ABŞ Yardım Agentliyinin Azərbaycan üzrə direktoru Uilyam Makkinni, Dövlət, Maliyyə, Ticarət departamentlərinin, Ticarət və İnkişaf Agentliyinin, Xarici Özəl Sərmayə Korporasiyasının əməkdaşları daxildirlər. İclasda makroiqtisadi siyasət, istehsalda çeşidin artırılması, enerji sektorunda islahatlar, ticarət və sərmayə iqlimi məsələləri müzakirə olunacaqdır.
İşçi Qrupu ABŞ-ın yardım proqramlarını nəzərdən keçirəcək, problem və çətinlikləri, ikitərəfli əməkdaşlığın inkişafı və Azərbaycanda islahatlara yardım yollarını müzakirə edəcəkdir.
Xatırladaq ki, bu iclas İşçi Qrupunun sayca 8-ci yığıncağıdır. İşçi Qrupu Bakıda və Vaşinqtonda olmaqla, ildə iki dəfə görüşür. Qurum 2000-ci ildə yaradılmışdır. Bu barədə maliyyə naziri Əvəz Ələkbərov və səfir Uilyam Teylor həmin vaxt əməkdaşlığa dair memorandum imzalamışlar. İşçi Qrupun bundan əvvəlki 7-ci iclası 2004-cü ilin fevralında Vaşinqtonda keçirilmişdir.