SİYASƏT
ABŞ-DA AZƏRBAYCANA BAŞSAĞLIĞI VERİRLƏR
Heydər Əliyevin xatirəsinə ehtiramlarını bildirənlər arasında Vaşinqton və Nyu-Yorkdakı diplomatik korpusun nümayəndələri, ABŞ hökumətinin, biznes dairələrinin təmsilçiləri və başqaları var.
Amerika paytaxtından uzaqda yaşayanlar görkəmli dövlət xadiminin xatirəsinə ehtiram əlaməti olaraq, gül-çiçək dəstələri göndərirlər. Azərbaycan və türk diasporunun nümayəndələri adından gələn faks və elektron məktubların ardı-arası kəsilmir.
Dekabrın 15-də Vaşinqtondakı səfirliyimizə ABŞ hökuməti adından dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin müşaviri səfir Linn Pasko gəlmişdi. O, Matəm kitabına ürək sözlərini yazdıqdan sonra AZƏRTAC-ın müxbirinə demişdir: “Biz Bakıdakı matəm mərasiminə nümayəndə heyətimizi göndərmişik. Azərbaycanla və Azərbaycan xalqı ilə çox yaxın əlaqələrimiz var. Prezident Heydər Əliyevə hörmətimiz böyük idi. Mən Minsk qrupunun həmsədri kimi onunla görüşürdüm. Biz böyük əhəmiyyət daşıyan məsələlər barədə uzun müzakirələrə qatılırdıq. O, həmişə öz xalqının maraqlarını üstün tutan insan idi. Mən bu gün buraya gələrək, öz adımdan və Dövlət Departamentinin Avropa və Avrasiya şöbəsi adından ona ehtiramımı bildirməyi özümə borc saydım”.
ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Riçard Mayers isə Azərbaycan Silahlı Qüvvələrinə və bütün xalqımıza ümummilli lider Heydər Əliyevin vəfatı ilə bağlı Vaşinqtondakı hərbi attaşemizə şəxsən başsağlığı vermişdir. O deyib ki, Azərbaycana səfəri zamanı Prezident Heydər Əliyevlə görüşündən aldığı təəssürat həmişə onun xatirində qalacaqdır. General əmin olduğunu bildirib ki, ölkələrimiz arasında hərbi və təhlükəsizlik sahəsində əməkdaşlıq yüksələn xətlə davam edəcək.
Məşhur politoloq Zbiqnev Bjezinski Prezident İlham Əliyevə və Azərbaycan xalqına başsağlığı teleqramı göndərmişdir.
bp şirkətinin Amerika nümayəndəliyinin hökumətlə və beynəlxalq əlaqələr üzrə vitse-prezidenti Peqqi Hadson təmsil etdiyi şirkətin Prezident Heydər Əliyevin vəfatından nə qədər təəssüfləndiyini çatdırmağa söz tapmadığını bildirərək deyir: “O, kifayət qədər uzaqgörən lider idi. Həm öz ölkəsində, həm də əməkdaşlıq qurduğu ölkələrdə çox sevilirdi. O, bir çox fikir ayrılıqlarını asanlıqla ümumi mövqeyə gətirən insan idi və buna görə, biz ona minnətdarıq. Prezident Əliyev ölkədə fəaliyyət göstərən biznes dairələrinə çox yardım edirdi. Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsinin inkişafındakı əvəzsiz rəhbərliyi ABŞ hökumətini və Azərbaycanda fəaliyyət göstərən biznes dairələrini ruhlandıraraq, onlara bu layihənin nə qədər əhəmiyyətli olduğunu aydın etdi. bp Prezident Heydər Əliyevlə birgə işləmək imkanı olduğundan böyük fəxr duyur”.