DÜNYA
ABŞ-DA İSLAM TELEKANALI FƏALİYYƏTƏ BAŞLAMIŞDIR
AZƏRTAC “Vaşinqton tayms” qəzetinə istinadla xəbər verir ki, ABŞ-da müsəlmanlar üçün ilk ingilisdilli televiziya kanalı fəaliyyətə başlamışdır.
Təşkilatçıların fikrincə, Bridges TV-nin (TV körpüləri) yaradılması ideyası Şimali Amerikanın sürətlə artmaqda olan müsəlman icmasının müsbət imicini amerikalılara nümayiş etdirmək və İslam həyatının real mənzərəsini canladırmaq, ən əsası isə, müsəlmanlarla digər amerikalılar arasında “körpülər salmaq” arzusundan doğmuşdur.
Telekanalın direktorlar şurasının sədri, keçmiş pakistanlı bankir Müzəmmil Həsən qeyd etmişdir ki, Bridges TV-nin yaradılması ideyasını radio və televiziya verilişlərində müsəlmanlar əleyhinə təbliğatın güclənməsindən narahat olan həyat yoldaşı vermişdir. Həsən bildirmişdir ki, onun xanımı “uşaqlarının özünü, eyni zamanda, həm müsəlman, həm də amerikalı kimi hiss etmədən böyüməsini istəmir”.
Hələlik 20 əməkdaşı olan kanal studiyası güclü müsəlman diasporuna malik Buffalo şəhərində yerləşir. Kanalın proqramına xəbərlər və dini verilişlər, eləcə də müsəlman həyat tərzinin müxtəlif cəhətlərini işıqladıran filmlər, o cümlədən komediyalar və seriallar daxildir.