ELM VƏ TƏHSİL
ABŞ-DA YAŞAYAN ALİM SOYDAŞIMIZA AMEA-NIN FƏXRİ DOKTORU ADI VERİLMİŞDİR
AMEA-nın prezidenti Mahmud Kərimov Rəyasət heyətinin bu günlərdə keçirilən iclasında alimə fəxri doktor diplomunu təqdim etmişdir.
Rəyasət heyətinin üzvləri mərasimdə çıxış edərək, öz sanballı axtarışları ilə böyük şöhrət qazanmış azərbaycanlı alimin yaradıcılığı barədə ətraflı danışmışlar. Bildirilmişdir ki, Abas Çayxorski 1948-ci ildə Leninqrad Universitetini bitirmiş, akademik Kurçatovun rəhbərliyi altında atom enerjisi sahəsində tədqiqatlar aparmışdır. O, SSRİ-də atom enerjisindən dinc məqsədlər üçün istifadə edilməsi üzrə komissiyanın sədri olmuşdur. Həmyerlimiz neptunium kimyası sahəsində dünyada yeganə monoqrafiyanın müəllifidir. 1969-cu ildən elementlərin əvvəlkindən fərqli yeni dövri sistemini yaratmaq üzərində çalışmış və buna nail olmuşdur. Bu cədvəl bütün dünyada artıq qəbul olunmaq üzrədir. Yaxın vaxtlarda həmin cədvəl haqqında alimin üç dildə - ingilis, rus, azərbaycan dillərində kitabı çap olunacaq və elementlərin yeni dövri sistemi cədvəli dünyanın ən aparıcı universitetlərinə göndəriləcəkdir. Beşinci kvant ədədini kimya elminə ilk dəfə məhz Abas Çayxorski gətirmişdir. Bu da elementlərin atomlarının quruluşunu daha yaxşı izah etməkdə kimyaçılara, fiziklərə çox böyük imkanlar yaradır.
Abas Çayxorski dünya şöhrətli alimdir. Onun elmi ixtiraları dünyanın aparıcı ölkələrində istifadə olunur. Həmyerlimiz Azərbaycan alimləri ilə sıx əməkdaşlıq yaratmaq arzusundadır. Elə bu məqsədlə də o, tez-tez Bakıya gəlir.
AMEA Rəyasət heyətinin üzvləri 86 yaşlı alimi akademiyanın fəxri doktoru adına layiq görülməsi münasibətilə ürəkdən təbrik etdilər, ona cansağlığı və yeni yaradıcılıq uğurları arzuladılar.