ELM VƏ TƏHSİL
ABŞ DÖVLƏT DEPARTAMENTİ AZƏRBAYCANLA BAĞLI YENİ TƏHSİL PROQRAMINI MALİYYƏLƏŞDİRƏCƏK
Layihə çərçivəsində Azərbaycan məktəblərini təmsil edən 6 nəfər ibtidai sinif müəlliminin ABŞ-a səfəri və burada Qərb üslublu ibtidai təhsil proqramının tərtibi, metodologiya, qiymətləndirmə texnikası üzrə təlimi nəzərdə tutulur. Sonra onlar Vətənə qayıdıb öyrəndikləri ilə daha 20 yerli həmkarını seminarlar vasitəsi ilə tanış etməlidilər.
ABŞ-a səfər edəcək müəllimləri Amerika Təhsil Şurası seçəcəkdir. Ümumiyyətlə isə, proqramın tərtibi və həyata keçirilməsi işində Şura ABŞ-ın Viskonzin Universiteti, ölkəmizin Təhsil Nazirliyi və Birləşmiş Ştatların Bakıdakı səfirliyi ilə sıx əməkdaşlıq edəcək. Yerli və xarici mütəxəssislərlə birgə işləniləcək ibtidai təhsil proqramı müəyyən vaxtdan sonra bəzi məktəblərdə sınaqdan keçiriləcək və lazım gələrsə, ona əlavələr ediləcəkdir.
Amerika Təhsil Şurası Azərbaycandakı orta məktəblərə və pedaqoji təmayüllü ali məktəblərə 1000 nüsxə ibtidai sinif üçün yeni təhsil proqramını paylamağı planlaşdırır.