DÜNYA
ABŞ Daxili Təhlükəsizlik Nazirliyi Trampın divarının yararsızlığını üzə çıxarıb
Vaşinqton, 11 yanvar, AZƏRTAC
NBS telekanalının jurnalistləri aydınlaşdırıblar ki, 2018-ci ildə ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin ekspertləri Amerika-Meksika sərhədində hasar tikintisi üçün Prezident Donald Tramp tərəfindən bəyənilmiş hasar prototipinin sınaq nəticələri barədə sənəd açıqlayıblar.
AZƏRTAC xəbər verir ki, hesabata görə, Daxili Təhlükəsizlik Nazirliyinin ekspertləri polad divarı adi tikinti aləti ilə dağıtmağın mümkün olduğunu və bu divarın sərhəd hasarı üçün yararsızlığını sübut ediblər.
NBC News xəbər verir ki, nazirliyin rəhbərliyi ABŞ Sərhəd Patrul Xidməti əməkdaşlarına Kaliforniyadakı “Poqo-Rou” poliqonunda səkkiz divar prototipinin sınaqdan keçirilməsini tapşırıb. Şəxsən Donald Tramp tərəfindən bəyənilmiş polad hasar variantı da onların arasında olub. Yanvarın 10-da Trampa onun bəyəndiyi divar prototipinin yararsız çıxması barədə sual veriləndə, o deyib ki, prototiplərin heç biri sınaqdan keçə bilməyib. Prezident əlavə edib ki, hasarın bu variantları əvvəlki Ağ Ev Administrasiyası dövründə layihələndirilib. Lakin Amerika KİV-ləri dərhal müəyyən ediblər ki, asanlıqla dağıdılan prototip məhz Prezident Donald Tramp dövründə yaradılıb. D.Tramp sərhəd hasarı ilə bağlı problemlərin olduğunu etiraf etmək istəməyib. O, brifinqdəki jurnalistləri inandırıb ki, divar son dərəcə etibarlıdır.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton