DÜNYA
ABŞ Dövlət katibinin baş müşaviri istefa verib
Bakı, 11 oktyabr, AZƏRTAC
ABŞ Dövlət katibinin baş müşaviri Maykl Makkinli ölkə Prezidenti Donald Trampın tələbi ilə “Ukrayna işi” ilə əlaqədar istefa verməli olub. AZƏRTAC “The Wall Street Journal” nəşrinə istinadla xəbər verir ki, dövlət başçısının tələbi qarşısında Dövlət katibi Maykl Pompeo onu qoruya bilməyib.
Qəzetin xəbərində qeyd olunur ki, Makkinli ABŞ Prezidentinin Co Baydenlə bağlı Ukraynanın dövlət başçısına təzyiq göstərməsi iddiası ilə əlaqədar impiçment məsələsi üzrə ifadə vermək üçün Konqresə çağırılıb. Bildirilir ki, Dövlət katibinin müşaviri Birləşmiş Ştatların Ukraynadakı səfiri Mari Yovanoviçin istefasından sonra ciddi narahatlıq keçirib. Maykl Pompeo öz müşavirinin istefasına münasibət bildirməyib. Eyni zamanda, “Ukrayna işi” ətrafında davam edən qalmaqalın və impiçment prosesinin daha ağır fəsadlar doğura biləcəyi qeyd olunur.
Xatırladaq ki, Ağ ev Ukrayna və ABŞ prezidentlərinin telefon danışığının stenoqramını yayıb və məlum olub ki, Donald Tramp Co Baydenin oğlunun fəaliyyəti ilə bağlı təhqiqat aparılması üçün öz həmkarına heç bir təzyiq göstərməyib. ABŞ-ın Ədliyyə Nazirliyi telefon danışığında heç bir qanun pozuntusu aşkar etməyib və gələcək təhqiqatlara əsas olmadığını bəyan edib.