REGİONLAR
ABŞ HÖKUMƏTİ “QUŞ QRİPİ” TƏHLÜKƏSİNƏ QARŞI MÜBARİZƏ ÜÇÜN AZƏRBAYCANA 1500 DƏST XÜSUSİ GEYİM GÖNDƏRƏCƏK
Xidmətin rəisi İsmayıl Həsənov qeyd etmişdir ki, ötən mətbuat konfransından sonra qurumun nümayəndələri yerlərdə olmuş, vəziyyəti araşdırmışlar. Qanadlıların xəstələnməsi və ya ölümü ilə əlaqədar hətta ən ucqar yaşayış məntəqələrindən alınan siqnallara dərhal reaksiya verilir, mütəxəssislərdən ibarət mobil dəstə oraya yollanır, baş vermiş hadisəni təhqiq edir, cəsədin müayinəsini aparırlar. Bir daha inamla bəyan edirəm: ölkəmizdə “quş qripi” xəstəliyinin əlamətləri yoxdur və quşçuluq sənayemizin məhsullarını alıb istifadə etmək olar. Sonuncu monitorinq zamanı 250 quşdan götürülmüş qan nümunələrinin müayinəsi də bunu sübut edir.
Natiq “qüş qripi” ilə əlaqədar Azərbaycana gəlmiş ABŞ mütəxəssislərinin keçirdiyi görüşlər, yerli həmkarları ilə apardıqları fikir və təcrübə mübadiləsi haqqında da danışmışdır. O, məlumat vermişdir ki, nümayəndə heyətinin rəhbəri, ABŞ Dövlət Departamentinin təmsilçisi xanım Anna Dersinin Baş nazirin müavini Abid Şərifovla görüşündən sonra ABŞ hökuməti Dövlət Baytarlıq Xidmətinə 1500 dəst xüsusi geyim göndərəcəyini vəd etmişdir.
Mətbuat konfransına dəvət olunmuş quşçuluq sənayesi müəssisələrinin nümayəndələri təhlükəli virusun qarşısını almaq üçün xidmətin mütəxəssisləri ilə birgə həyata keçirdikləri təhlükəsizlik tədbirlərindən danışmışlar.
İsmayıl Həsənov jurnalistləri maraqlandıran suallara cavab vermiş, onları “quş qripi” ilə bağlı yazılarında faktları dönə-dönə dəqiqləşdirməyə çağırmışdır.