SİYASƏT
ABŞ-IN 2003-CÜ İLDƏ YENİ MÜSTƏQİL DÖVLƏTLƏRƏ YARDIM LAYİHƏSİ TƏSDİQLƏNMİŞDİR
Amerika Birləşmiş Ştatlarının 2003-cü maliyyə ilində xarici dövlətlərə yardımı barədə qanun layihəsinin təsdiqi sona çatmışdır.
AZƏRTAC-ın xüsusi müxbiri Vaşinqtondan xəbər verir ki, Senat və Nümayəndələr Palatasının razılaşdırıcı komitəsində müsbət rəy alan qanun layihəsi Konqresin hər iki palatasında da təsdiqlənmişdir. Beləliklə, yeni müstəqil dövlətlərə ABŞ-ın yardımı bu il 760 milyon dollar olacaqdır ki, bu da ötən ildəkinə nisbətən 24 milyon dollar azdır.
Cənubi Qafqaz dövlətlərinə gəldikdə, yalnız Ermənistana yardımın konkret məbləği göstərilir – “90 milyon dollardan az olmayaraq”. “Azərbaycan, Ermənistan və Gürcüstan arasında regional əməkdaşlıq səylərinə dəstək” ifadə edən Amerika qanunvericiləri Cənubi Qafqaza ayrılan fondları bölgədəki münaqişələrin həllinə səbəb olacaq işlərə sərf etməyi məqsədəuyğun saymışlar.
Gürcüstana hər il Ermənistan kimi, konkret məbləğ ayıran senator və konqresmenlər 2003-cü maliyyə ilində bu ölkənin “suvenerliyi və ərazi bütövlüyünə” dəstək ifadə etməklə kifayətləniblər. Həmçinin, Gürcüstan hökumətini insan haqlarının və dini azlıqların hüquqlarının müdafiəsi üçün daha təsirli addımlar atmağa çagırıblar.
Azərbaycana gəldikdə, Dövlət Departamentindən Beynəlxalq Respublikaçılar İnstitutunun nümayəndəsi Con Elvisin qətli ilə bağlı aparılan istintaqa dair son məlumatlar tələb edilir. Konqres bu məsələnin Dövlət Departamenti və Azərbaycandakı müvafiq strukturlar üçün önəmli olacağını gözləyir. Qanunda 907-ci maddə və onun istisnaları yenidən qeyd olunsa da, xatırladaq ki, bu ilin əvvəlində prezident Corc Buşun imzaladığı memorandumla maddənin qüvvəsi tamamilə dayandırılıb.
Şəfəq Akifqızı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton