DÜNYA
ABŞ İranın Milli Neft Şirkətinə BP ilə birlikdə Şimal dənizindəki layihəni davam etdirmək üçün lisenziya verib
Tehran, 12 oktyabr, AZƏRTAC
Qarşıdakı 45 gün ərzində dünya bazarlarında neft qiymətində kəskin dəyişikliklər olacaq. ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar neftin qiymətinə böyük təsir göstərəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri British Petroleum (BP) şirkətinin Baş direktoru Bob Dadli deyib. O bildirib ki, iri neft istehlakçısı olan ölkələrə İrandan neft almaq üçün icazə verilməlidir. Əks halda yüksələn qiymətlər qlobal iqtisadiyyata mənfi təsirini davam etdirəcək.
Maraqlı məqam ondan ibarətdir ki, BP-nin rəhbərinin bu bəyanatından sonra ABŞ administrasiyası BP və “Cerica Energy” şirkətlərinə Şimal dənizində aşkar edilmiş qaz yataqlarında işləri davam etdirmək üçün lisenziya (icazə) verib. Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, BP və “Cerica Energy” şirkətləri Şimal dənizindəki neft və qaz yataqlarını İranın Milli Neft Şirkəti ilə birlikdə işləyirlər. İran və Böyük Britaniya mətbuatının yazdığına görə bu qaz yataqların birgə işlənməsinə dair əldə olunmuş razılaşmaya əsasən hasilatın pay bölgüsündə İran 50 faiz paya malikdir. Bu, kifayət qədər böyük rəqəmdir və deməli, İran Şimal dənizindən qaz hasilatında iştirak etmək üçün layihəyə sərmayə də yatırıb. Sərməyənin həcmi barəsində məlumat verilməsə də, aydın məsələdir ki, Şimalda qaz hasil etmək İranda qaz hasil etməkdən çox çətindir. Bu isə onu deməyə əsas verir ki, sərməyənin həcmi böyükdür.
Şimal dənizindəki Ram adlanan qaz yataqları Böyük Britaniyanın qaza olan tələbatının 5 faizini ödəmək imkanındadır.
ABŞ-ın CNBS kanalının məlumatına görə, noyabrın 4-dən başlayaraq İranın neft sahəsinə qarşı tətbiq olunan sanksiyalar qüvvəyə minəcək. Lakin buna baxmayaraq, oktyabrın 9-da İranın Milli Neft Şirkətinə BP və “Cerica Energy” şirkətləri ilə birgə layihəni davam etdirməsi üçün icazə verilməsi belə qənaətə gəlməyə imkan verir ki, rəsmi Vaşinqton sanksiyaları yumşaldıb və İranın xarici neft şirkətləri ilə həyata keçirdiyi birgə layihələrə icazə verəcək. Bu isə dünya bazarında neftin qiymətinin sabit saxlanılması üçün atılan addımdır.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran