QAN YADDAŞI


ABŞ Konqresində 20 Yanvar faciəsindən bəhs olunub

Vaşinqton, 20 yanvar. AZƏRTAC 

ABŞ Konqresinin nüfuzlu üzvlərindən biri Stiv Şabot bəyanatla çıxış edərək, “Qara Yanvar” kimi tarixə düşən Sovet İttifaqı tərəfindən törədilmiş qətliam zamanı həlak olmuş günahsız insanların xatirəsini yad edib və 30 illiyinin qeyd olunduğu 20 Yanvar faciəsinin tarixi əhəmiyyətini vurğulayıb.

AZƏRTAC xəbər verir ki, Konqresmen Stiv Şabot bəyanatında 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet qəddarlığı nəticəsində 145-dən çox mülki əhalinin həlak olduğunu, 800-ə yaxın insanın yaralandığını və yüzlərlə insanın həbs olunduğunu diqqətə çatdırıb.

Sovetlərin bu sərt tədbirinin məqsədinin Azərbaycanda formalaşmaqda olan müstəqillik hərəkatını boğmağa cəhd olmasına baxmayaraq, bunun Kommunist partiyasının idarəçiliyini və ümumilikdə Sovet İttifaqını qorumağa naçar cəhd kimi sübut edildiyi diqqətə çatdırılır. Bildirilir ki, əslində bu Azərbaycan və digər respublikaların müstəqillik hərəkatlarına təkan verib.

Məlumatda qeyd olunur ki, “Qara Yanvar” hadisələrindən sonra, Azərbaycan əhalisinin təzyiqləri nəticəsində Azərbaycan Parlamenti 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpası haqqında Bəyannaməni, 1991-ci il oktyabrın 18-də isə Azərbaycan Respublikası Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını təsdiq edib.

Bəyanatda həmçinin məlumat verilir ki, 1991-ci ilin noyabr ayından etibarən Azərbaycanın müstəqilliyi tanınmağa başlanıb, gənc ölkənin müstəqilliyini tanıyan ilk ölkələrdən olan ABŞ 1992-ci il fevralın 28-də Azərbaycanla diplomatik münasibətlər qurub.

ABŞ və Azərbaycanın region üzrə ortaq maraq və məramlara malik olduğunu, ölkələrin xüsusilə enerji resurslarının inkişafı və təhlükəsizlik təhdidləri ilə mübarizə sahəsində əməkdaşlığını vurğulayan Stiv Şabot, digər Konqres üzvlərini Azərbaycanın bu faciəvi gününü yad etməyə çağırıb.

 

AZƏRTAC-ın Vaşinqton bürosu

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.