SİYASƏT


ABŞ Konqresində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə növbəti bəyanat verilib

Vaşinqton, 26 may, AZƏRTAC 

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Stiv Şabot (Respublikaçı – Ohayo) 24 may tarixli iclasda bəyanatla çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə təbriklərini çatdırıb.

Bəyanatda bildirilir ki, 28 may 1918-ci il tarixində Azərbaycan Respublikası öz müstəqilliyini elan edib. Bolşeviklərin Azərbaycanı işğal etməsi və ölkənin sonradan Sovet İttifaqına birləşdirilməsi ilə bu müstəqilliyin qısa müddət davam etməsinin faciə olduğu qeyd edilir. Buna baxmayaraq, Azərbaycan xalqının sovet işğalından azad olmaq arzusunu heç zaman itirmədiyi, SSRİ-nin dağılması ilə Azərbaycanın 1991-ci ildə bir daha öz müstəqilliyini elan etdiyi vurğulanır. ABŞ-ın hər iki dövrdə Azərbaycanın müstəqilliyini tanıdığı bildirilir.

Bəyanatda Azərbaycanın 2002-ci ildə NATO-nun Əfqanıstan əməliyyatlarına qətiyyətli dəstək verməklə, ABŞ-ın əsas təhlükəsizlik tərəfdaşı olduğunu sübut etdiyi vurğulanır.

Azərbaycanın enerji sektorunda lider ölkə olduğu, Avropada ABŞ-ın müttəfiqləri üçün Xəzər dənizindən təbii qazı nəql edəcək Cənub Qaz Dəhlizini inkişaf etdirdiyi və enerji təchizatının bu diversifikasiyasının Avropanın bir mənbədən olan asılılığını azaldacağı bəyanatda qeyd olunur.

Bəyanatın sonunda Azərbaycanın ABŞ-ın əsl dostu olduğu bildirilir və Azərbaycan Respublikası müstəqilliyinin 100 illik yubileyi münasibətilə tərənnüm edilir.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.