SİYASƏT
ABŞ SENATI AZƏRBAYCANA VƏ KOALİSİYANI DƏSTƏKLƏYƏN DİGƏR ÖLKƏLƏRƏ MİNNƏTDARLIQ ETMİŞDİR
Vaşinqtondan AZƏRTAC-a daxil olmuş məlumatda deyilir ki, martın 27-də ABŞ senatorları antiirak koalisiyasını dəstəkləyən ölkələrə minnətdarlıq ifadə edən xüsusi qətnamə qəbul etmişdir. Senator Riçard Luqar təqdim etdiyi qətnamə layihəsində İraqın tərksilah olunması ilə bağlı göstərdikləri dəstəyə görə Böyük Britaniyanın baş nazirinə, İspaniya prezidentinə və Avstraliyanın baş nazirinə xüsusi minnətdarlıq ifadə olunur.
Qətnamədə həmçinin deyilir ki, fevralın 5-də Azərbaycan, Əfqanıstan, Gürcüstan, Türkiyə, Ukrayna, Özbəkistan və digər dövlətlər də ABŞ-a öz diplomatik və strateji dəstəyini bildirdikləri barədə bəyanat vermişlər. Senatorlar Birləşmiş Ştatları dəstəklədiklərinə görə bu ölkələrin təkcə hərbçilərinə deyil, bütün mülki əhalisinə təşəkkürlərini bildirmişlər. Onlar həmçinin qeyd etmişlər ki, bütün koalisiya dövlətləri və beynəlxalq təşkilatlar öz səylərini müharibədən sonrakı İraqın bərpasına yönəldəcəklər.