DÜNYA
ABŞ Silahlı Qüvvələrinə məxsus konvertoplan Avstraliya sahillərində qəzaya uğrayıb
Tokio, 5 avqust, AZƏRTAC
ABŞ dəniz piyadaları korpusuna məxsus olan MV-22 Osprey konvertoplanı Avstraliya sahillərində qəzaya uğrayıb. Konvertoplanın göyərtəsində olan 26 nəfərdən 23-nün xilas edildiyi bildirilir.
Bu barədə məlumat Yaponiyanın Okinava adasında yerləşən ABŞ dəniz piyadaları 3-cü ekspedisiya korpusunun saytında yerləşdirilib. Məlumatda deyilir: “ABŞ dəniz piyadaları korpusu Avstraliyanın şərq sahillərində qəzaya uğramış MV-22 konvertoplanında olan hərbiçilərlə əlaqədar axtarış-xilasetmə əməliyyatının aparıldığını təsdiq edir”.
Korpus təsdiq edib ki, “Bonhomme Richard” desant gəmisinin göyərtəsindən havaya qalxan və planauyğun əməliyyat keçirən MV-22 suya düşüb.
Avstraliyanın müdafiə naziri Maris Peyn bəyan edib ki, o, axtarış-xilasetmə əməliyyatı keçirən ABŞ hərbiçilərinə hər cür kömək göstərməyə hazır olduqlarını bildirib.
Şənbə günü axşam saatlarında müdafiə nazirinin yaydığı bəyanatda deyilir: “Mən Şoluoter-Bey buxtasında olan Baş nazir Malkolm Ternbulla hadisə barədə məlumat vermişəm və ABŞ-ın müdafiə naziri Ceyms Mettisə çatdırmışam ki, Avstraliya hər cür yardım göstərməyə hazırdır”.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio