İQTİSADİYYAT
ABŞ VƏ KANADADA ELEKTRİK ENERJİSİNİN KƏSİLMƏSİNİN SƏBƏBİ MƏLUMDUR
Vaşinqtondan aldığımız xəbərə görə, “Amerikən elektrik pauər” (AEP) energetika şirkəti nümayəndələri bildirmişlər ki, ABŞ-ın şimal-şərqində, Ohayo ştatında elektrik enerjisinin kütləvi surətdə kəsilməsindən bir az əvvəl bir sıra yüksəkgərginlikli elektrik xətlərində şəbəkənin yükünün kəskin şəkildə artdığı müşahidə edilmişdir. Bunun nəticəsində bir çox elektrik xətləri qızaraq sıradan çıxmış, digərləri isə şəbəkədən avtomatik surətdə açılmışdır.
Xatırladaq ki, bundan əvvəl ABŞ-ın energetika naziri Spenser Abraham amerikalılara söz vermişdi ki, qəzanın səbəbləri ətraflı araşdırılacaqdır. Onun sözlərinə görə, qəzanın səbəblərini müəyyənləşdirmək, habelə gələcəkdə belə hallara yol verilməməsi üçün energetika sahəsinin ən yaxşı mütəxəssisləri işə cəlb ediləcəklər.
Hesablamalara görə, qəza nəticəsində ABŞ-a 4-6 milyard dollar məbləğində ziyan dəymişdir. Məsələn, Nyu-York bir milyard dollar zərər çəkmişdir. İctimai iaşə müəssisələrinin ziyanı daha böyük olmuşdur – 75 milyondan 100 milyon dollaradək. Şəhərdə soyuducu qurğuların sıradan çıxması nəticəsində üst-üstə 250 milyon dollarlıq ərzaq xarab olmuşdur.