DÜNYA
ABŞ-dakı aktiv qazma qurğularının sayı 282-yə çatıb
Bakı, 17 oktyabr, AZƏRTAC
Birləşmiş Ştatlardakı aktiv neft-qaz qazma qurğularının sayı artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 13 ədəd artaraq 282 olub. Lakin bu, son 4 ilin minimum göstəricisidir. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 569 ədəd geriləyib.
Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 12 ədəd çoxalaraq 205 olub. Əvvəlki ilin müvafiq dövrünə görə neft qazma qurğularının sayında 508 ədəd azalma qeydə alınıb.
Aktiv qaz qazma qurğularının sayı da bir ədəd artaraq 74 olub və keçən ilin eyni dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 63 ədəd azalıb. Üç qazma qurğusu isə müxtəlif təyinatlı olub.
Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2016-cı ilin mayında isə minimuma – 316-ya düşüb.