DÜNYA
ABŞ-dakı aktiv qazma qurğularının sayı artıb
Bakı, 22 fevral, AZƏRTAC
Birləşmiş Ştatlardakı aktiv qazma qurğularının sayı çoxalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 1 ədəd artaraq 791 olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 258 ədəd geriləyib.
Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 1 ədəd artaraq 679 olub. Əvvəlki ilin müvafiq dövrünə görə neft qazma qurğularının sayında 174 ədəd azalma qeydə alınıb.
Aktiv qaz qazma qurğularının sayı isə dəyişməyərək 110 olub və keçən ilin eyni dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 84 ədəd azalıb. İki qazma qurğusu isə müxtəlif təyinatlı olub.
Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2016-cı ilin mayında isə minimuma – 316-ya düşüb.