ELM VƏ TƏHSİL


ABŞ fizikləri ilk dəfə olaraq eynşteyniumun kimyəvi və fiziki xüsusiyyətlərini təfsilatı ilə araşdırıblar

Bakı, 5 fevral, AZƏRTAC

Amerikalı alimlər son yarım əsrdə əhəmiyyətli miqdarda eynşteynium əldə ediblər ki, bu da onlara Mendeleyevin dövri sistem cədvəlində 99-cu yerdə yerləşən olduqca qeyri-sabit elementin kimyəvi və fiziki xüsusiyyətlərini təfsilatı ilə araşdırmağa imkan yaradıb. Berklidə yerləşən Lourens Milli Laboratoriyasının (LBNL) mətbuat xidmətinin yaydığı bu məlumat “Nature” jurnalında dərc edilib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Berkli Kaliforniya Universitetinin dosenti Rebekka Aberqelin sözlərinə görə, aparılan tədqiqat zamanı eynşteyniumun kimyəvi və fiziki xüsusiyyətləri haqqında məlumat əldə etməklə, onlar aktinidlərin bütövlükdə özünü necə aparmasını tam şəkildə anlamağa daha çox yaxınlaşıblar. Bu vacibdir, çünki onların arasında elə elementlər var ki, fundamental elmi məsələlərin praktik tətbiqinə və həllinə eynşteyniumdan daha münasibdir.

Mendeleyevin dövri sistem cədvəlində çox sayda həm parçalanmaq qabiliyyət olmayan sabit elementlər, həm də ömrü nanosaniyələrlə ölçülə bilən elementlər var. Onların sırasına plutonium kimi çox ağır elementlərlə yanaşı, texnesium, eynşteynium kimi nisbətən yüngül elementlər daxildir. Bu cür elementlərin qısa ömrü səbəbindən onlara təbiətdə rast gəlinmir. Məsələn, eynşteyniumun mövcudluğunu alimlər yalnız 1952-ci ildə hidrogen bombasının partlamasının nəticələrini öyrənərək müəyyənləşdiriblər. O zaman aparılmış hesablamalar göstərdi ki, bu elementin izotopu olan eynşteynium-253-ün yarımömrü 20 gündür, onun digər variasiyaları isə daha tez yoxa çıxır.

Aberqelin qeyd etdiyi kimi, eynşteyniumu kifayət miqdarda əldə etmək çətin olduğundan onun növbəti tədqiqi mümkün olmadı. Belə ki, cəmi bir milliqram eynşteynium-253 əldə etmək üçün il ərzində bir neçə nüvə reaktorunda eyni vaxtda fasiləsiz olaraq nüvə yanacağını şüalandırmaq lazımdır.

Bununla yanaşı, eynşteyniumun tədqiqinə yüksək radioaktivlik mane olur – o, metal formasında işıq saçır, istinin və ionlaşdırıcı şüalanmanın təsiri altında sürətlə dağılır. Aberqel və onun həmkarları bütün cəhdlərini daha nadir və sabit izotop olan eynşteynium-254-ün əldə edilməsi və tədqiqi üzərində cəmləyərək əvvəlki problemləri aradan qaldıra biliblər.

Tədqiqatçılar qeyd edirlər ki, onlar daha bir radioaktiv metal olan küriumu neytronların köməyilə şüalandıraraq 200 nanoqram eynşteynium-254 izotopu əldə ediblər. Atomlar və zərrəciklər arasında qarşılıqlı təsir az miqdarda eynşteynium atomlarının yaranmasına səbəb olub. Onların sayı vaxt ötdükcə olduqca zəif artır.

Fiziklər əldə etdikləri az miqdarda metalı mürəkkəb üzvi maddələr yığını ilə birləşdirərək hər eynşteyn atomunu “kürk”lə əhatə ediblər. Bu, tədqiqatçılara ilk dəfə olaraq eynşteyniumu bu molekulların tərkibində oksigen atomları ilə birləşdirən kimyəvi rabitənin uzunluğunu ölçməyə, habelə bu metalı digər aktinidlərdən fərqləndirən xüsusiyyətləri üzə çıxarmağa imkan yaradıb. Belə ki, həmin metal ionları işıq şüalanmasına kürium, amerisium və dövri sistem cədvəlində eynşteyniumun digər “qonşularından” fərqli reaksiya verir.

Aberqel və onun həmkarları ümid edirlər ki, COVID-19 pandemiyasından sonra onlar eynşteynium-254 ilə təcrübə aparılmasını bərpa edərək onun kimyəvi və fiziki xüsusiyyətlərini təfsilatı ilə tədqiq edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.