SİYASƏT
ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Derek Koqan Gəncəyə səfər etmişdir VİDEO
Gəncə, 9 yanvar (AZƏRTAC). Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Derek Koqan yanvarın 9-da Gəncəyə səfər etmişdir.
AZƏRTAC xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətində keçirilən görüşdə çıxış edən şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev iki ölkə arasında müxtəlif sahələr üzrə əlaqələrin genişlənməsinin əhəmiyyətindən danışmış, Gəncənin potensial imkanları, görkəmli şəxsiyyətləri və tarixi abidələri haqqında qonağa ətraflı məlumat vermişdir.
Derek Koqan səmimi və mehribanlıqla qarşılandığına görə minnətdarlıq etmiş, səfirlikdə işlədiyi 6 ay ərzində Azərbaycanın bölgələrinə etdiyi səfərlərin əhəmiyyətindən danışmışdır. Müvəqqəti işlər vəkili respublikanın digər regionları kimi, Gəncənin də abadlaşması və gözəlləşməsindən məmnun qaldığını bildirmişdir.
Yanvarın 10-da səfirliyin nümayəndəsi mərkəzi kitabxanada yaradılmış “ABŞ guşəsi” ilə tanış olacaq, Azərbaycan Dövlət Aqrar Universitetində müəllim və tələbələrlə görüş keçirəcəkdir.