DÜNYA
ABŞ-ın Venesueladakı səfirliyi yanvarın 24-də viza verməyəcəyini elan edib
Bakı, 24 yanvar, AZƏRTAC
ABŞ-ın Venesueladakı səfirliyi yanvarın 24-də işini adi qaydada davam etdirəcək, lakin viza verməyəcək.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumat diplomatik missiyanın saytında yerləşdirilib. Səfirlik, həmçinin Venesuelada etiraz aksiyalarının həftə ərzində davam edə biləcəyi barədə ABŞ vətəndaşlarına xəbərdarlıq ünvanlayıb.
Venesuela müxalifətinin lideri Xuan Quaydonun yanvarın 23-də Karakas şəhərində keçirilən mitinq zamanı dövlət başçısının səlahiyyətlərini öz üzərinə götürdüyünü elan etməsi ilə ölkədə vəziyyət gərginləşib. Hazırkı Prezident Nikolas Maduro bunu Vaşinqton tərəfindən təşkil olunmuş dövlət çevrilişi kimi qiymətləndirib və ABŞ-la diplomatik əlaqələri kəsdiyini bildirib. O, Venesuelanı tərk etmələri üçün ABŞ-ın Karakasdakı səfirliyinin əməkdaşlarına 72 saat vaxt verib. Buna baxmayaraq, Birləşmiş Ştatların dövlət katibi Maykl Pompeo Vaşinqtonun öz səfirliyinin əməkdaşlarını geri çağırmaq niyyətində olmadığını bildirib.
Xatırladaq ki, ölkənin bütün bölgələrini əhatə edən aksiyaların gedişində azı 16 nəfər həlak olub.