DÜNYA
ABŞ-ın Virciniya ştatında yol-nəqliyyat qəzasında 19 nəfər yaralanıb
Vaşinqton, 18 noyabr, AZƏRTAC
ABŞ-ın Virciniya ştatının polisi bildirib ki, avtobusun və yedəkli yük maşınının toqquşması nəticəsində 19 sərnişin yaralanıb. Ştatın əsas avtomagistralında baş vermiş qəzanın səbəbinin qatı duman və yolların buz bağlaması olduğu bildirilir.
AZƏRTAC xəbər verir ki, yük maşınının sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi yolun ortasında aşıb. Ona qarşı istiqamətdə hərəkət edən və içərisində 20 sərnişinin olduğu avtobusun sürücüsü isə toqquşmanın qarşısını ala bilməyib. Nəticədə 19 nəfər, o cümlədən hər iki nəqliyyat vasitəsinin sürücüləri ağır bədən xəsarəti ilə xəstəxanaya çatdırılıb. Virciniya ştatı polis departamentinin mətbuat katibi Korrin Hellerin sözlərinə görə, həmin avtomagistralda eyni gündə daha yeddi yol-nəqliyyat qəzası baş verib, amma xəsarət alan olmayıb.
Virciniya ştatında avtomagistralların bir çoxu dağlıq ərazidən keçir və hava şəraitinin kəskin pisləşməsi yollarda təhlükəni daha da artırır.