DÜNYA
ABŞ-ın gündəlik neft hasilatı rekord səviyyədədir
Bakı, 11 aprel, AZƏRTAC
Birləşmiş Ştatların sutkalıq xam neft istehsalı artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir.
Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-ın neft hasilatı əvvəlki həftə ilə müqayisədə 2 min barrel artaraq gündəlik 12,2 milyon barrel səviyyəsində qalıb. Bu göstərici ölkə tarixində neft istehsalının ən yüksək səviyyəsidir. ABŞ-ın neft hasilatı sonuncu dəfə 1970-ci ilin noyabrında maksimum – gündəlik orta hesabla 10,04 milyon barrel təşkil edib. Xam neft istehsalı əvvəlki həftəyə görə Alyaska ştatında 2 min barrel artıb, digər ştatlarda isə dəyişməyib.
Ölkədə gündəlik neftin istehsalı ötən ilin noyabrında 11,7 milyon barrelə, yanvarda 11,9 milyon barrelə, fevralda 12 milyon barrelə, martda isə 12,2 milyon barrelə yüksəlib. Beləliklə də Birləşmiş Ştatların gündəlik neft hasilatında son 64 həftənin 49-da artım qeydə alınıb.
Keçən həftə ABŞ-ın neft idxalı əvvəlki həftəyə görə 164 min barrel azalaraq gündəlik 6,6 milyon barrel olub. Ölkənin xam neft ixracı da əvvəlki həftə ilə müqayisədə 374 min barrel geriləyərək sutkada 2,35 milyon barrelə düşüb.
EIA-nın proqnozuna görə, ABŞ-ın neft hasilatı bu il sutkalıq orta hesabla 12,4 milyon barrel, gələn il isə 13,1 milyon barrel təşkil edəcək.