DÜNYA
ABŞ-la sammit öncəsi KXDR-də ali hərbi rəhbərlik dəyişilib
Bakı, 4 iyun, AZƏRTAC
Şimali Koreyanın ali hərbi rəhbərliyində yerdəyişmələr baş verib. Əsas hərbi rəislərin hər üçü öz postlarını tərk edib.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, KXDR-in xalq silahlı qüvvələri naziri vəzifəsində Pak Yön Tsiki onun müavini No Qvan Çhol əvəz edib. Koreya Xalq Ordusunun qərargah rəisi general Li Mön Su da öz postunu tərk edib və onun yerinə müavini Li Yon Qil təyin olunub.
Hərbi rəhbərliyin öz postunu tərk edən üçüncü nümayəndəsi isə Koreya Xalq Ordusunun baş siyasi idarəsinin direktoru Kim Çon Qah olub. Onu əvvəllər Koreya İşçi Partiyasının Pxenyan komitəsinin sədri vəzifəsində çalışan Kim Su Hil əvəzləyib.
Ekspertlərin fikrincə, KXDR koreyalararası münasibətlərin və Koreya yarımadasında vəziyyətin dəyişməsi fonunda güc nazirliklərinə sərt baxışlı məmurların əvəzinə yeni fiqurlar daxil etmək qərarına gəlib. Belə ki, No Qvan Çhol “mülayim baxışlı insan” kimi xarakterizə olunur. Həmçinin dəyişikliklər ABŞ Prezidenti Donald Trampla iyunun 12-də Sinqapurda baş tutacaq sammitdə Kim Çen Inın imzalaya biləcəyi nüvəsizləşdirmə üzrə sövdələşməyə qarşı çıxa biləcək “hərbçilərin sakitləşdirilməsi” məqsədi də daşıya bilər.
Xatırladaq ki, ötən həftə Donald Tramp iyunun 12-də Sinqapurda keçiriləcək sammitə hazır olduğunu təsdiqləyib.