DÜNYA
ABŞ sinaqoqunda adamları girov götürənin şəxsiyyəti açıqlanıb
Vaşinqton, 17 yanvar, AZƏRTAC
ABŞ hakimiyyət orqanları Texas ştatındakı sinaqoqda dörd nəfəri girov götürmüş 44 yaşlı Böyük Britaniya vətəndaşının şəxsiyyətini açıqlayıb. Onun ad-soyadı Malik Feysəl Əkrəmdir.
AZƏRTAC ABŞ KİV-lərinə istinadla xəbər verir ki, Fort-Uert (Texas ştatı) yaxınlığındakı “Bet İsrael” sinaqoqunda girov götürülənlər 10 saatlıq qarşıdurmadan sonra azad edilib. Sinaqoqda üç dindarı və bir ravvini girov götürən silahlı şəxs Federal Təhqiqat Bürosunun əməkdaşları tərəfindən həmlə nəticəsində həlak olub.
ABŞ Prezidenti Co Bayden hüquq mühafizə orqanlarının əməkdaşlarının işini yüksək qiymətləndirərək qeyd edib ki, antisemitizmin hər bir forması yolverilməzdir. Bayden deyib: “Adamları girov götürən şəxsin motivləri barədə yaxın günlərdə daha çox məlumat əldə edəcəyik. Lakin nifrət hissini yaymaq niyyətində olan hər kəs bilsin ki, biz bu ölkədə antisemitizmin və ekstremizmin artmasına qarşı çıxış edəcəyik”.
Müstəntiqlərin yaydığı məlumata görə, Malik Feysəl Əkrəm pakistanlı neyrobioloq, “Əl-Qaidə” təşkilatı ilə əlaqə saxlamaqda şübhəli bilinən və hazırda Texasda federal həbsxanada saxlanılan Afiyə Siddiqənin azad olunmasını tələb edirmiş. Rəsmi şəxslərin sözlərinə görə Əkrəm Siddiqə ilə danışmaq istədiyini bildirib. Siddiqə Brandey Universitetində və Massaçuset Texnoloji İnstitutunda alimlik dərəcəsi alıb.
2008-ci ildə Əfqanıstanda ABŞ ordusunun zabitlərinə hücum etməkdə və onlara atəş açmaqda ittiham edilən Afiyə Siddiqə 2010-cu ildə 86 il həbs cəzasına məhkum edilib. Bu cəza tədbiri Pakistanda siyasi liderlər və Siddiqənin tərəfdarları arasında hiddət doğurub. Onlar Siddiqəni Amerika cinayət məhkəməsi sisteminin qurbanı hesab ediblər. ABŞ Prezidenti Co Bayden isə bu hadisəni “terror aktı” adlandırıb.
AZƏRTAC-ın Vaşinqton bürosu