REGİONLAR
ABŞ vətəndaşı Erik Olson: Naxçıvanda olmağı hər kəsə tövsiyə edirəm
Naxçıvan, 5 iyun, AZƏRTAC
Muxtar respublikaya səfər edən turistlər ölkələrinə qayıtdıqdan sonra sosial şəbəkələrdə Naxçıvan haqqında xoş təəssüratlarını paylaşırlar. Ötən günlərdə Naxçıvan Muxtar Respublikasında səfərdə olmuş Amerika Birləşmiş Ştatlarının vətəndaşı Erik Olson ölkəsinə qayıtdıqdan sonra səyahətçilərin istifadə etdiyi “TripAdvisor” internet şəbəkəsində və “facebook” sosial şəbəkəsindəki səhifəsində Naxçıvan barədə məlumatlar yayıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, “TripAdvisor” internet şəbəkəsindəki “Naxçıvan inanılmaz dərəcədə gözəl bir məkandır” paylaşımında Erik Olson yazır: “İnsanlar Naxçıvana səfər etməlidir. Son bir-iki ildə səfər etdiyim ərazilər içərisində Naxçıvan ən gözəlidir. Əminəm ki, Bakı və digər rayonlar ilə müqayisədə Naxçıvan tarixi əraziləri ilə Azərbaycanın ləl-cəvahiratıdır. Bələdçim Emil Paşalı, həqiqətən, ərazinin tarixini çox əla bilir və yaxşı yoldaşlıq etməyi bacarır. Naxçıvana səfər etsəniz, bu bələdçilər sizə biletlərin alınmasında və mehmanxanalarda yerləşməkdə də hərtərəfli kömək göstərəcəklər. Naxçıvanda olmağı hər kəsə tövsiyə edirəm!”
Erik Olson “facebook” sosial şəbəkəsində isə bu fikirlərini paylaşıb: “Son bir neçə günü Naxçıvan Muxtar Respublikasında keçirdim. Naxçıvan 1990-cı ildə – 70 il sovet hakimiyyətinin idarəçiliyindən sonra Azərbaycanın müstəqillik hərəkatının mərkəzinə çevrilmişdi. Sovet İttifaqının dağılmasından sonra Ermənistan və Azərbaycan arasında müharibə baş verdi. Hazırda Naxçıvanın Ermənistan, İran və Türkiyə ilə sərhədləri var. Mən Naxçıvan şəhərindəki gözəl “Təbriz” otelində qaldım. Bələdçim məni ərazi ilə tanış etdi. Naxçıvan, həqiqətən, Azərbaycanın mədəniyyət paytaxtıdır! Qafqaz regionunun isə ən maraqlı tarixi ərazisidir”.