İDMAN
“ABU” PEŞƏKAR HƏNDBOL LİQASININ OYUNLARINDA İŞTİRAK ETMİŞDİR
İlk görüşdə Ukrayna çempionu Zaporojyenin “Motor” komandası ilə heç–heçə (28:28) oynayan Valeri Pevnitskinin yetirmələri növbəti görüşdə meydan sahibi “Kuban”a 27:23 hesabı ilə məğlub olmuşlar. Daha sonra, güclü “Astraxanoçke” ilə qarşılaşan həndbolçularımız son anda qələbəni əldən vermişlər - 21:24. Rusiyanın Zveniqorod şəhərinin təmsilçisi “Zvezda” klubu ilə keçirilən dördüncü görüşdə həndbolçularımız 26:23 hesabı ilə qələbə qazanmışlar. Baş məşqçi Valeri Pevnitskinin fikrincə, bu turnir Avropa çempionatı ərəfəsində həndbolçularımız üçün faydalı olmuşdur.
Məlum olduğu kimi, noyabrın 21-27-də Portuqaliyada keçiriləcək çempionatda komandamız ikinci qrupda meydan sahibləri, Slovakiya, Litva, Yunanıstan və Finlandiya milli yığmaları ilə qarşılaşacaqdır.
Kişilərdən ibarət həndbol yığmamız isə oktyabrın 25-də Dublində (İrlandiya) start götürəcək “Çelenc Trofi–2005” turnirinə hazırlaşır. Baş məşqçi Hikmət Abdullayevin yetirmələrinin bu turnirdə rəqibləri ev sahibləri ilə yanaşı, İngiltərə, Şotlandiya, Malta və Moldova yığma komandaları olacaqlar. Xatırladaq ki, 2003-cü ildə keçirilən turnirdə həndbolçularımız finalda Moldova kollektivinə məğlub olaraq, gümüş medala layiq görülmüşdü.