REGİONLAR
ADAU-da Azərbaycanın Milli Qəhrəmanı İxtiyar Qasımovun xatirəsi anılıb VİDEO
Gəncə, 6 may, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqronomluq fakültəsinin 1993-cü il məzunları tələbə yoldaşları Azərbaycanın Milli Qəhrəmanı şəhid İxtiyar Qasımovun xatirəsini anıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları İxtiyar Qasımovun şərəfinə ucaldılan abidəni ziyarət edib, önünə tər çiçəklər düzərək Vətən uğrunda canından keçən bütün şəhidlərin və İxtiyar Qasımovun əziz xatirəsini anıblar.
Aqronomluq fakültəsində davam edən tədbirin ikinci hissəsi Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbir iştirakçıları üçün tələbələrin hazırladığı vətənpərvər ruhda şeir və mahnılar səsləndirilib, milli rəqslər nümayiş olunub.
Tədbirdə ADAU-nun elmi işlər üzrə prorektoru, dosent Azad İbrahimov, Aqronomluq fakültəsinin dekanı Məhərrəm İsmayılov, şəhid İxtiyar Qasımovun ailə üzvləri, müəllim və tələbələr, həmçinin universitetin Aqronomluq fakültəsinin 1993-cü il məzunları iştirak ediblər.
İxtiyar Qasımovun tələbə yoldaşı Sahib Məmmədov 29 ildən sonra ADAU-nun 60-dək məzununun bir araya gələrək tələbə yoldaşlarının xatirəsini yad etməyi özlərinə borc bildiyini deyib: “Hamımız bu gün Gəncəyə, doğma universitetimizə gələrək Milli Qəhrəman İxtiyar Qasımovun xatirəsini andıq. Bunu İxtiyarın tələbə yoldaşları olaraq özümüzə borc bildik. Həm də Aqrar Universiteti belə müasir, dünya universitetləri ilə rəqabət aparacaq səviyyədə görmək bizi çox qürurlandırdı”.
Şəhidin qardaşı Cəmil Qasımov tədbir təşkilatçılarına minnətdarlığını bildirərək, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən bütün şəhidlərə Allahdan rəhmət diləyib. “İxtiyar 1990-cı ildə könüllü olaraq Ağdam rayonunun özünümüdafiə batalyonuna daxil olub. Ağdam və Ağdərənin əksər kəndlərində gedən qanlı döyüşlərdə iştirak edib. 1992-ci il iyunun 14-də düşmənlə təkbaşına döyüşərək 17 ermənini məhv edib və özü də qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib”, - deyə o, əlavə edib.
İxtiyarın müəllimi olan ADAU-nun professoru Firudin Qurbanov isə onun haqqında xatirələrini danışarkən deyib: “Aqronomluq fakültəsinin tələbəsi olan İxtiyar Qasımov intizamlı, əlaçı və gözəl idmançı olmaqla bərabər, universitetin bütün professor-müəllim heyətinin və tələbə kollektivinin də böyük hörmətini qazanmışdı. Onun əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq”.
Qeyd edək ki, Qasımov İxtiyar Qasım oğluna 1992-ci ildə Azərbaycan Respublikasının Milli Qəhrəmanı adı verilib. Onun təhsil aldığı Ağdam rayonunun Kəngərli kənd orta məktəbi, Gəncə və Ağdam şəhərlərinin hərəsində bir küçə onun adını daşıyır.