REGİONLAR
ADAU-da elmi-praktik konfrans keçirilib
Gəncə, 17 iyun, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 17 İyun - Ümumdünya Quraqlıq və Səhralaşma ilə Mübarizə Gününə həsr olunmuş onlayn elmi-praktik konfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfransı açan ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov əlamətdar günün əhəmiyyətini, quraqlıq və səhralaşmaya qarşı mübarizə tədbirlərinin aparılmasının vacibliyini diqqətə çatdırıb.
Qeyd olunub ki, konfransın məqsədi BMT-nin 2030-cu ilə qədər gündəliyində öz əksini tapan Dayanıqlı İnkişaf Məqsədləri üzrə torpaq ekosisteminin mühafizəsinə nail olunması istiqamətində həyata keçirilən fəaliyyətlərə uyğun olaraq quraqlıq və səhralaşma prosesinin mövcud vəziyyətinin qiymətləndirilməsi və bu problemə dair təkliflərin verilməsindən ibarətdir.
Konfransda Azərbaycan Hidrotexnika və Meliorasiya Elm-İstehsalat Birliyinin baş direktoru, aqrar elmlər doktoru Ağamir Həşimov, AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Torpaq ekologiyasının beynəlxalq laboratoriyasının müdiri biologiya üzrə fəlsəfə doktoru Zaman Məmmədov, BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin dekan müavini, dosent Cəsarət Şabanov, 10 saylı Gəncə Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin əməkdaşı Elbar İsmayılov, ADAU-nun Torpaqşünaslıq kafedrasının müdiri, dosent Arif Hüseynov, Meşəçilik kafedrasının müdiri, dosent Vidadi Səmədov, Meliorasiya və hidrotexniki qurğular kafedrasının assistenti Ramil Mustafayev, Torpaqşünaslıq kafedrasının baş müəllimi Tahirə Əliyeva, Torpaqşünaslıq kafedrasının assistenti Esmira Hüseynzadə, Ekologiya kafedrasının assistenti Sima Həsənova məruzələr ediblər. Tədbirin sonunda qarşılıqlı maraq doğuran suallar ətrafında müzakirələr aparılıb.
Məruzələr Qlobal ekoloji problemlərin Azərbaycanda təzahürü, ölkə ərazisində səhralaşma prosesi, iqlim dəyişmələri və səhralaşma şəraitində Azərbaycanın meşə strategiyası, su ehtiyatlarından səmərəli istifadə etməklə quraqlığın aradan qaldırılması, respublikamızda eroziyaya uğramış torpaqların ekoloji problemləri məsələlərini əhatə edib.