ELM VƏ TƏHSİL


“ADA” Universitetində “Praktik məsləhətlər üçün regional sessiya” mövzusunda seminar keçirilib

Bakı, 15 dekabr, Xatirə Cəfərova, AZƏRTAC

Dekabrın 15-də “ADA” Universitetində “Praktik məsləhətlər üçün regional sessiya” mövzusunda ikigünlük seminar öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, seminar Təhsil, İqtisadiyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin dəstəyi, “Rusiya Vençur Şirkəti” və “Global Venture Alliance” (GVA) fondunun təşəbbüsü ilə təşkil olunub.

“ADA” Universitetinin prorektoru Fariz İsmayılov bildirib ki, tədbirin keçirilməsinin əsas məqsədi innovativ ekosistemin qurulmasına və yüksək texnologiyalar sahəsində sahibkarlığın inkişafına töhfə verməkdir. Seminarda iştirak edən ali təhsil müəssisələrinin müəllim və yuxarı kurs tələbələri innovativ sahibkarlıq fəaliyyəti üzrə lazımi bilik və bacarıqlar əldə edəcəklər. Həmçinin keçiriləcək intensiv təlimlər zamanı startap sahibkarlara biznes ideyalarının kommersiyalaşdırılması, potensial investorlara isə sərmayələri üçün perspektivli sahələri təyin etmələri məqsədilə təkliflər veriləcək.

Təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, qlobal iqtisadiyyat, texnologiya, o cümlədən cəmiyyətimizdəki dəyişikliklər təhsil sahəsində də mövcud standartlara dəyişiklikləri, eyni zamanda, yenilərinin tətbiqini zəruri edib. “Bilik üzərində qurulan iqtisadiyyat” və “ömür boyunca təhsil almaq” kimi standartlar indi heç də yenilik deyil, əksinə, hazırkı reallığı əks etdirir.

Azərbaycan hökumətinin təhsilin bütün pillələrinin hərtərəfli inkişafına daha çox diqqət ayırdığını deyən nazir müavini vurğulayıb ki, hazırda həyata keçirilən bütün sahibkarlıq tədbirlərinin əsasını ölkədə innovativ, dərin biliklərə və yüksək iqtisadi texnologiyalara söykənən insan kapitalının konseptual inkişafı təşkil edir. O deyib: “Təhsilin rolu yalnız gənclərə bilik və bacarıqların aşılanması ilə məhdudlaşmamalıdır. Onun əsas hədəflərindən biri yetkin insanların yetişdirilməsindən ibarətdir. Çünki yalnız keyfiyyətli təhsil alanlar qanuna müvafiq və ədalət prinsipinə söykənən qərarların qəbulunda rol oynaya bilər ki, bu da son nəticədə ölkədə inkişaf və sabitliyə xidmət edəcək”.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov son illərdə ölkəmizin əhəmiyyətli iqtisadi uğurlara, eləcə də regionda liderliyə nail olduğunu diqqətə çatdırıb. Dünya miqyasında son dövrlər baş verən texnoloji dəyişikliklərdən danışan rektor rəhbərlik etdiyi universitetdə bu istiqamətdə həyata keçirilən tədbirlərdən söz açıb.

“Rusiya Vençur Şirkəti”nin departament rəhbəri Aleksey Qusev təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib. Tədbirin əhəmiyyətini vurğulayan A.Qusev qeyd edib ki, 2008-ci ildən Rusiya Federasiyasında keçirilən bu seminarlarda innovativ sahibkarlıq fəaliyyəti üçün əhəmiyyət daşıyan bilik və praktik bacarıqlar əldə olunub. Bu günədək keçirilmiş eyniadlı 160 tədbirdə 11 min nəfər iştirak edib.

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru Elçin Zeynalov, Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov Azərbaycanda innovasiya infrastrukturunun inkişafı sahəsində, ölkədə startapların formaslaşması istiqamətində görülən işlər barədə danışıblar.

Daha sonra beş sessiya üzrə keçirilən iclaslarda mövzu ilə bağlı məruzələr dinlənilib, müzakirələr aparılıb.

Seminar işini dekabrın 16-da UNEC-də davam etdirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.