REGİONLAR
“ADA” Universitetinin əməkdaşları Naxçıvan Dövlət Universitetində olublar
Naxçıvan, 5 dekabr, AZƏRTAC
“ADA” Universitetinin İctimai və beynəlxalq münasibətlər fakültəsinin dekanı Elnur Soltanov və Tələbə qəbulu şöbəsinin əməkdaşı Mahnur Abbasova Naxçıvan Dövlət Universitetində (NDU) olublar.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, qonaqlarla keçirilən görüşdə NDU-nun prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Rafiq Rəhimov ali təhsil ocağının elmi potensialı, maddi-texniki bazası və bu ali məktəbdə yerinə yetirilmiş beynəlxalq layihələr haqqında məlumat verib.
“ADA” Universitetinin İctimai və beynəlxalq münasibətlər fakültəsinin dekanı Elnur Soltanov muxtar respublika haqqında zəngin təəssüratlarını tələbələrlə bölüşüb, NDU-nun elmi və texniki potensialını yüksək dəyərləndirib.
Elnur Soltanov bildirib ki, 2006-cı ilin martında fəaliyyətə başlayan və Azərbaycan Diplomatik Akademiyası adı ilə Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində qurulan ali təhsil ocağı Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 yanvar tarixli Sərəncamı ilə “ADA” Universiteti adlandırılıb. Əsas məqsədi diplomatiya, ictimai münasibətlər, biznes, informasiya texnologiyaları və sistem mühəndisliyi üzrə qlobal liderlər hazırlamaq olan universitet 2009-cu ildən magistr, 2011-ci ildən isə bakalavr təhsil pillələri üzrə ali təhsil verir. Hazırda universitetdə dünyanın 43 ölkəsindən tələbə təhsil alır.
“ADA” Universitetinin Tələbə qəbulu şöbəsinin əməkdaşı Mahnur Abbasova ali təhsil ocağının strukturu, universitetə qəbul qaydaları barədə məlumat verib. Vurğulanıb ki, universitet seçmə fənlər və ümumi təhsil proqramı vasitəsilə yüksək potensiala malik məzunlar yetişdirir.
Sonda tələbələrin sualları cavablandırılıb.