İQTİSADİYYAT
ADIF-in nümayəndə heyəti Beynəlxalq Əmanətlərin Sığortalanması Assosiasiyasının toplantısında iştirak edib
Bakı, 18 oktyabr, AZƏRTAC
Əmanətlərin Sığortalanması Fondunun (ADIF) nümayəndə heyəti İstanbulda Beynəlxalq Əmanətlərin Sığortalanması Assosiasiyasının (IADI) illik toplantısında və qurumun Avrasiya və Asiya–Sakit okean regional komitələrinin iclaslarında iştirak edib.
ADIF-dən AZƏRTAC-a bildirilib ki, 80-dək ölkənin əmanətlərin sığortalanması fondlarının nümayəndələrinin qatıldığı tədbirdə bu sahədə aparılan islahatlar, iqtisadi böhran və böhrandan sonrakı dövrlərdə əmanətlərin sığortalanması və bank sisteminin zəif banklardan təmizlənməsi, bankların ləğv prosesi, IADI-ın 2020-cü il üçün planları və büdcəsi müzakirə olunub.
Əmanətlərin Sığortalanması Fondunun icraçı direktor vəzifəsini icra edən Vüqar Abdullayev Türkiyə, Rusiya, Qazaxıstan, Ukrayna, Qırğızıstan və digər ölkələrin nümayəndələri ilə müzakirə aparıb və ölkədə əmanətlərin sığortalanması sisteminin təkmilləşdirilməsi barədə məlumat verib.