SİYASƏT
ƏDLİYYƏ NAZİRİ BU HƏFTƏNİN SONUNDA İRANA SƏFƏR EDƏCƏKDİR
Azərbaycanın Ədliyyə Naziri Fikrət Məmmədov bu həftənin sonunda İran İslam Respublikasına səfər edəcəkdir.
İİR-nın Bakıdakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, İran tərəfin dəvətilə həyata keçirilən səfər zamanı nazir Fikrət Məmmədov bu ölkənin ədliyyə, məhkəmə orqanlarının rəhbərləri və digər rəsmi şəxslərlə görüşlər keçirəcəkdir. Ölkələrimiz arasında ədliyyə və hüquq sahəsində əməkdaşlığa dair imzalanmış müqavilələrin yerinə yetirilməsi ilə bağlı məsələlər müzakirə ediləcək, bu sahələrlə bağlı fikir və təcrübə mübadiləsi aparılacaqdır.
Tehrandakı görüşlər zamanı ölkələrimizin həbsxanalarında cəza çəkən İran və Azərbaycan vətəndaşlarının cəzanın qalan hissəsinin çəkilməsi üçün verilməsi məsələsinin də müzakirə ediləcəyi gözlənilir. Ölkələrimiz arasında hüquqi yardım haqqında müqaviləyə müvafiq olaraq hər iki tərəfin həbsxanalarında cəza çəkənlərin böyük əksəriyyəti bu yaxınlarda tərəflərə təhvil verilmişdir.