SİYASƏT
ƏDLİYYƏ NAZİRLİYİNDƏ AVROPA ŞURASI KONQRESİNİN NÜMAYƏNDƏ HEYƏTİ İLƏGÖRÜŞ
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, nazir müavini Vilayət Zahirov Azərbaycanda demokratik təsisatların, o cümlədən yerli özünüidarə orqanlarının inkişafında Avropa Şurası ilə əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, ölkəmizdə son vaxtlar müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsi, bələdiyyələrin səlahiyyətlərinin genişləndirilməsi, bələdiyyə assosiasiyalarının yaradılması üzrə görülən işlərdən ətraflı söhbət açmış, Ədliyyə Nazirliyi nəzdində Bələdiyyələrlə İş Mərkəzinin fəaliyyəti, yerli özünüidarə orqanlarına göstərilən metodiki yardım, bələdiyyə üzvləri və əməkdaşları üçün tədris kurslarının təşkili və digər tədbirlər barədə məlumat vermişdir.
Ölkəmizdə bələdiyyələrin formalaşdırılması məsələsinə toxunan V.Zahirov, Azərbaycan torpaqlarının bir hissəsinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində 1 milyona yaxın soydaşımızın qaçqın və köçkün vəziyyətinə düşdüyünü və həmin ərazilərdə bələdiyyələrin yaradılması problemlərinin mövcudluğunu xüsusi vurğulamışdır.
Nümayəndə heyətinin rəhbəri Covanni Di Stazi Azərbaycanda gedən demokratik prosesləri və yerli demokratiyanın təzahürü olan bələdiyyələrin inkişafı sahəsində görülən işləri müsbət qiymətləndirərək, bu istiqamətdə ölkəmizin Avropa Şurası ilə həyata keçirdiyi sıx əməkdaşlıqdan razı qaldığını bildirmişdir.
Görüşdə bələdiyyə assosiasiyalarının yaradılması, onların fəaliyyətinin təkmilləşdirilməsi və hüquqi tənzimlənməsi, beynəlxalq əməkdaşlıq, qabaqcıl ölkələrlə təcrübə mübadiləsi və digər məsələlər barədə səmərəli fikir mübadiləsi aparılmış, konkret əməkdaşlıq perspektivləri müzakirə edilmişdir.
Tədbirdə Yerli və Regional Hakimiyyətlər Konqresi Katibliyinin rəhbəri Ulrix Boner, Avropa Şurası Baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Mats Lindberq və nazirliyin məsul şəxsləri iştirak etmişlər.